"Azərbaycan Milli Avarçəkmə Federasiyası 2007-ci ildə yaradılıb. Həmin vaxtdan etibarən 3 idman növü - kayak, kanoe və avarçəkmə üzrə xaricdən məşqçilər ölkəmizə dəvət olunub, idmançılar hazırlanıb. Mingəçevir şəhərində Kür çayının üzərində və Bakı şəhərində bu idman növü üzrə məşqlər, yarışlar keçirilməyə başlayıb. Artıq bu gün Azərbaycanda yüzlərlə gənc avarçəkmə ilə məşğul olur".
Unikal.org-un məlumatına görə, bu sözləri Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) vitse-prezidenti, "Kür Olimpiya Tədris İdman Mərkəzinin direktoru Natiq Abbasov deyib.
N.Abbasov kanoeçimiz Valentin Demyanenkonun Rioda gümüş medal qazanmasına belə münasibət bildirib:
"Demyanenko 2007-ci ildən yığmamızın üzvüdü, kanoe yarışlarında Azərbaycanı təmsil edir. 4 qat dünya, 3 qat Avropa çempionudu. Bir neçə dəfə dünya kubokuna sahib çıxıb. Daha əvvəl ölkəmizi London olimpiadası və Bakı 2015 Avropa Oyunlarında da təmsil edib. Avropa Oyunlarında ikinci olmuşdu. Rioda isə karyerasının ən böyük uğuruna imza atdı. Gərgin mübarizədə Demyanenko arzuladığımız nəticəyə nail oldu.
Abbasov Demyanenkonun Mingəçevirdə hər kəs tərəfindən sevildiyini qeyd edib:
"Valentin artıq 9 ildir ki, Mingəçevirdə yaşayır. Burada onu balacadan böyüyə hər kəs tanıyır, sevir. O, Mingəçevir şəhərinin fəxridir. Bu gün keçirilən görüşdə də sıravi vətəndaşların ona olan sevgisinə şahid oldunuz.
Federasiya rəsmisi Demyanenkonun olimpiya çempionu ola bilməməsini bəxtsizliklə əlaqələndirib:
"Bu günə kimi avarçəkmədə Azərbaycanda Demyanenko kimi güclü idmançı görməmişəm. Heç kim onun nəticələrinə yaxın dura bilmir. London olimpiadasından öncə reytinqdə birinci idi. Olimpiadanın qalibi olmalı idi. Hamı onu gələcək olimpiya çempionu kimi təqdim edirdi. Lakin bəxtsizliklə üzləşdi. Finala 1 gün qalmış ehtiyatsızlıqdan zədə aldı. Bu dəfə də sonda qalib olan Yuri Çebandan üstün idi. Yarımfinalda ona qalib gəlmişdi. Hətta deyim ki, olimpiadada son anda iştirak hüququ qazanan Çebanın adı əvvəlcə finalçılar arasında yox idi. Amma qadın idmançımız İnna Osipenko-Radomskaya ona hakimlərə müraciət etməyi məsləhət gördü. Belədə Çebanın etirazı qəbul edildi və finala vəsiqə qazanmaqla sonda qalib oldu. Hamı Çebanı şanslı idmançı kimi tanıyır. İnanıram ki, Demyanenko 37 yaşında olimpiya çempionu ola bilər,
Natiq Abbasov Azərbaycanda yetişən gənc idmançılardan da söz açıb:
"Gələcəkdə Mirnazim Cavadov və Cavid Əfəndiyevdən uğur gözləyirik. Onların idmançı karyeralarının parlaq alınacağına ümidimiz var. Hazırda gəncdirlər, potensilları var. Eləcə də bəzi legionerlərlə hazırda danışıqlar aparırıq. Amma Azərbaycanda qadın idmançı tapmaq çətindir. İdmançılar var, amma gənclərdirlər. Radomskaya gələcəkdə burada məşqçi kimi fəaliyyət göstərə bilər.
Natiq Abbasov federasiyanın üzləşdiyi çətinliklərə də toxunub:
"Müəyyən çətinliklərimiz var. Avarçəkmə xüsusi idman növüdür. Futbolla küçədə, güləşlə zalda məşğul olurlar. Amma bizdə vəziyyət fərqlidir. Müəyyən xüsusi qayıqlar lazımdır. Ümumiyyətlə, tələblər çoxdu. Məşq üçün ancaq 1 yerdə, Mingəçevirdə şərait var. Buna baxmayaraq, növbəti olimpiadada ən azı budəfəki nailiyyətləri təkrarlamalıyıq