Azərbaycandakı iqtisadi islahatlar Rusiyada narahatlıqla izlənilir
10:38 12-02-2016
CƏMİYYƏT
Ölkəmizin xaricdən ərzaq asılılığını minimuma endirmək tədbirləri hansı perspektivi vəd edir?
Qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkənin ərzaq təminatının yerli istehsala söykənməsi və xaricdən məhsul gətirilməsinin minimuma endirilməsi yönündə ardıcıl tədbirlər planı reallaşdırılır. Qeyd edək ki, Azərbaycanın öz tələbatını xarici mənbələr hesabına ödədiyi kənd təsərrüfatı məhsullarının başında kartof dayanır. Bununla bağlı açıqlanan statistik rəqəmlər də bu asılılığın nə qədər dərin olduğunu göstərməkdədir.
Qeyd edək ki, Azərbaycan Rusiyadan ötən ilin yanvar-noyabr aylarında 46,8 min ton kartof idxal edib.Bu barədə Rusiyanın Statistika Komitəsi xəbər yayıb. Amma Azərbaycan Rusiya ilə yanaşı, Türkiyə, İran və Gürcüstandan da kartof idxal edir. Bu onu göstərir ki, biz hələ də xaricdən idxal olunan kartofa ümid bəsləməliyik.
Amma son dövrlər Azərbaycanın özünü kənd təsərrüfatı məhsulları ilə tam təmin etməsi məqsədi ilə atdığı addımlar qonşu ölkəni narahat etməyə başlayıb. Rusiya tərəfi hesab edir ki, əgər Azərbaycan özünü kartofla tam təmin edərsə, onlar Azərbaycan bazarını itirə bilərlər. Rusiya Azərbaycanla yanaşı Qazaxıstana, Ukraynaya, Tacikistana və digər ölkələrə də kartof ixrac edir.
İqtisadi Tədqiqatlar Mərkəzində Aqrar departamentin rəhbəri Vahid Məhərrəmovun sözlərinə görə, kartofçuluğun inkişafı üçün torpağın münbitliyi artırılmalı, fermerlərin bu sahədə bilikləri inkişaf etdirilməlidir.
"Torpağın və əldə ediləcək məhsulun ziyanvericilərdən qorunması üçün xüsusi pestisitlərin istehsalı əsas problemlərdəndir. Bundan başqa, toxumçuluq inkişaf etdirilməlidir. Həmçinin elmi araşdırmalar aparılan alimlərlə fermerlərin birgə fəaliyyəti təmin edilməlidir. Keyfiyyətli gübrə və su ilə təminatda problemlər olmamalıdır", - deyən mütəxəssis əlavə edib ki, problemlərin tam həll edilməsi üçün atılacaq ən əsas addımlardan biri kadr hazırlığıdır. Çünki əksər ölkələrdə fermerlər ali təhsilli aqronomlardır.
"Kartofa ümumi tələbatımız 1 milyon 400 min tondur. Adıçəkilən problemlər həll edildikdən sonra Azərbaycan həm özünü təmin edər, həm də Rusiyanı və digər dövlətləri öz bazarından çıxarmaq imkanı əldə edər. İnkişaf üçün həmçinin məhsulun maya dəyəri azaldılmalıdır. Bundan sonra kartofun rəqabət qabiliyyətliyini təmin etmək mümkün olar. Şəmkir, Gədəbəy, Tovuz və digər rayonların kartofçuluğunun inkişaf perspektivi çox yüksəkdir", - deyə mütəxəssis bildirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də yanvarın 26-da Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfansda ölkədə kartofçuluğun inkişafına xüsusi diqqətin ayrılması ilə bağlı hökumət qarşısında tələblər qoyub.
"Kartof - özümüzü 90 faiz təmin edirik. Hesab edirəm ki, bu, qəbuledilməzdir. Özümüzü kartofla 100 faiz təmin etməliyik, ixrac da etməliyik. Ona görə ciddi məşğul olun ki, biz bu boşluğu dolduraq. Kartof istehsalında 35 faiz xarici amil var - yenə də gübrə, dərman", - deyə dövlət başçısı bildirmişdi.
Kənd Təsərrüfatı Nazirliyi də yerli istehsalın artırılması üçün addımlar atmağa başlayıb. Nazir Heydər Əsədov ANS-ə müsahibəsində bildirmişdi ki, məhsul kifayət qədər istehsal olunubsa, özünü təmin etdikdən sonra dövlətin ən əsas vəzifələrindən biri onun ixracıdır.
"Bu yaxınlarda cənab prezidentin verdiyi sərəncamda da hökumətə tapşırılıb ki, Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliyi bir ay müddətində ixracatın stimullaşdırılması üçün öz təkliflərini versin. İxracın həddi isə nə qədər maksimal olarsa, bu, həmin dövlətin valyuta həcmlərinin eyni həcmdə artması deməkdir".
Bütün bunlar göstərir ki, kənd təsərrüfatı sahəsinə daha çox vəsait yatırılarsa və islahatlar həyata keçirilərsə, Azərbaycan özünü kənd təsərrüfatı məhsulları ilə təmin edə bilər. Həmçinin qonşu ölkələrə ixrac da mümkün olar. Amma artıq Azərbaycana məhsul ixrac edən bəzi ölkələr narahat olmağa başlayıb. Çünki onlar Azərbaycan bazarını itirməkdən qorxurlar. Belə bir vəziyyətin yaranması isə Azərbaycan hökumətini daha sürətli inkişaf modeli qurmağa sövq etməlidir. Bu inkişaf modeli Rusiya və digər dövlətlərin Azərbaycan bazarından çıxmasını sürətləndirər.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-28 14:45:00
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32