"Qardaş, Aygün Bəylərin öldürülən qohumunun evi haradadır?" Yeni Suraxanı qəsəbəsinin girişində soraqlaşa-soraqlaşa gəlib ünvana çatdım. Küçədə qurulan yas mağarına axışan qadınların cərgəsinə qoşuldum.

Nənənin qisas andı

Üç il əvvəl amansızlıqla qətlə yetirilən Elnur Hümbətovun nənəsi Roza xanımın ürəkparçalayan naləsini eşitməmək üçün qulaqlarımı qapamağa hazır idim. Ölümə - ölüm, qana - qan istəyirəm, toy görməyən balamın qatillərini əllərimlə boğmağa hazıram deyən nənənin qisas hissindən gözləri parıldayırdı.

Kameramızı görən qadınlar ağıya ara verib Elnur barədə danışmağa başladılar.

Evin içindəki düşmən

Qonşuların dediyinə görə, Elnur uşaqla uşaq imiş, böyüklə böyük: "Bu uşaq qarışqanı tapdalamağa ürək eləmirdi. Elə bil ağzında dili yox idi, dindirməsən, dinməzdi. Anasının gözünün ilk ovu idi, toyunu görmədi".

Mağarın kənarına toplaşan qonum-qonşu da Elnurdan ürəkağrısı ilə söz açdılar: "Heç kimlə işi olmazdı, atası öləndən sonra çalışırdı ki, anasına dəstək olsun. Ürəyi çox təmiz idi, onu aldatmaq heç nə idi. Nə deyirdin, inanırdı. Elə ürəyinin saflığının badına getdi. Bilmədi ki, düşmən elə evinin içindəymiş".

Oğlunun şəkillərini ortaya töküb, xəyallarından danışan Səadət ana Elnurun arzularından söz açdı: "Atası öləndən sonra mənə dedi ki, ana, darıxma, işə düzələcəm. Təzə evimizə köçəcəyik, evlənəcəm, sənə gəlin gətirəcəm. Başını dizimin üstünə qoyub, arzularını nağıl edərdi. Atasının iş yerindən növbəsi çatmışdı, ona ev verəcəkdilər, heç bu davalı mülkdə qalmaq fikrimiz də yox idi. Amma qismət olmadı. İndi Aygünün, Aynurənin qardaşı, anası yığışsın gəlsin yaşasınlar bu evdə. Balamdan sonra nəyimə gərəkdir bu ev-bu eşik. Bu həyətdə ki, bir övladıma toy eləmək mənə qismət olmadı, heç nə gözümdə deyil".

Səadət xanım onu da bildirdi ki, bu işdən əməkdar artist Aygün Bəylərin bacısı çoxdan xəbərdarmış: "Aynurə (Aygün Bəylərin bacısı - red.) yaxşı bilirdi ki, oğlumu qardaşı öldürüb. Bu işi ört-basdır etmək üçün dəfələrlə polis orqanlarına gedib-gəlib. Elə mən özüm də onu bir dəfə polis idarəsində görmüşdüm. Bir dəfə izahat yazdım ki, oğlumun itkin düşməsində Abbasdan (Aygün Bəylərin qardaşı - red.) da şübhələnirəm. Həmin vaxt Abbasın bacısı Aynurə yalandan dedi ki, guya itkin düşməmişdən qabaq oğlum Abbasın işlətdiyi kompüter mərkəzindən telefon oğurlayıb. İzi itirib, özlərini sığortalamaq istəyirdilər".

Səadət ana oğlunun üçuşaqlı qadınla gəzdiyi xəbərə də münasibət bildirdi: "Oğlum kənddə əxlaqsız bir qadınla görüşürdü. Cavan idi, hamı kimi o da əylənmək istəyirdi. Amma mənə gəlib deməyib ki, o qadınla evlənmək istəyirəm. Aygün Bəylər də bunu efirdə demişdi. O, şou düzəldirdi, özündən uydururdu, amma ölüm xəbəri çıxandan sonra and-aman elədi ki, bu işdən xəbərsizəm. Mən onu qapımdan geri qaytarmışam, hansı üzlə evimə gəlir? Hətta mənə dedi ki, qardaşımın bu işdə əli olsa, onu heç vaxt bağışlamaram".

Səadət xanım daha sonra belə deyib: "Morqa getdim, dedim ki, balamı gözümlə görməliyəm. Sümükləri qalmışdı. Boğazına dolayıb boğduqları dəsmal, bir də bədəninə doladıqları yapışqan da üstündə idi. Əlini-ayağını sarıyıblarmış ki, müqavimət göstərməsin. Heç olmasa, ay zalımlar, gəlib deyəydiniz ki, balanı biz öldürmüşük, betonun altında çürüməkdənsə, aparın dəfn edin. Balamın öldüyünü yuxuda da görmüşdüm. Gördüm, balam yalvarır ki, məni buradan qurtar, polislər də təyyarəylə onun cəsədini yerin altından çıxarırlar".

Ürəkparçalayan nalənin müşayiəti ilə yas yerindən uzaqlaşırıq. Amma dərdli ananın qan ağlayan acısının nə vaxt bitəcəyinə (bitəcəkmi?), yəqin ki, hüquq mühafizə orqanları qərar verəcək.

publika.az

"Balamın sümüklərini görəndə..." - Aygünün öldürülən qohumunun ailəsindən REPORTAJ - FOTO
"Balamın sümüklərini görəndə..." - Aygünün öldürülən qohumunun ailəsindən REPORTAJ - FOTO
"Balamın sümüklərini görəndə..." - Aygünün öldürülən qohumunun ailəsindən REPORTAJ - FOTO
"Balamın sümüklərini görəndə..." - Aygünün öldürülən qohumunun ailəsindən REPORTAJ - FOTO
"Balamın sümüklərini görəndə..." - Aygünün öldürülən qohumunun ailəsindən REPORTAJ - FOTO