Azərbaycanın dövlət sərhəddini pozan 46 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən "Unikal"a verlən məlumata görə, bu ilin yanvar ayı ərzində dövlət sərhədini pozduqları üçün 27 halda 46 nəfər saxlanılıb. Onların 16 nəfəri Azərbaycan Respublikası, 13 nəfəri Banqladeş, 4 nəfəri Pakistan, 3 nəfəri Özbəkistan, 3 nəfəri İran İslam Respublikası, 3 nəfəri Nigeriya, hər ölkədən bir nəfər olmaqla Türkmənistan, Əfqanıstan, Qambiya vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozduqlarına görə yaşıl sərhəddə 3 halda 5 nəfər, Xəzər dənizində 4 halda 6 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 375 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 8 halda 10 kiloqram 972 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Yanvar ayının 9-da Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində "Vaz-2015"markalı Az 44-BC-305 dövlət qeydiyyat nömrəli avtomobildə Lənkəran rayon sakinləri, Əliyev Rövşən Tofiq oğlu, İbişov Elşən Rafiq oğlu və Qasımzadə Musa Azad oğlu saxlanılıb. Avtomobilə baxış zamanı 3,9 kiloqram həşiş, 3,7 kiloqram marixuana aşkar edilib.
Yanvar ayının 16-da Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsindəFüzuli rayon sakinləri Əsədov Səyyad Müzəffər oğlu və Məhərrəmov Vilayət Ziyad oğlu 2 kiloqram həşiş, 1140 qram marixuana, 25 qram heroin, 30 qram tiryəklə saxlanılıblar. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 53 halda ümumi dəyəri təqribən 336 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd siqnal tapançası, RPK-74 silahı üçün 1 ədəd daraq, 41 ədəd 5,45 mm-lik patron, 2 ədəd beşbarmaq, 51600 Azərbaycan manatı, 2300 ABŞ valyutası, 500 Avropa valyutası, 12186 qutu siqaret, 34 ədəd mobil telefon, 1940 qutu pirotexniki vasitə, 9968 ədəd dərman preparatları, 1 baş at, müxtəlif ərzaq və sənaye malları saxlanılıb. Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
T.Əliyev