İŞİD təhlükəsi Azərbaycanın qapısı ağzında
10:42 16-02-2016
CƏMİYYƏT
PA rəsmisi həyəcan təbili çaldı:"Onları həbs etməklə iş bitmir..."
Bütün dünyanı təhdid altında saxlayan İŞİD təhlükəsi planetimizin əsas problemlərindən biri olaraq qalmaqdadır. Aparıcı dünya dövlətlərinin cəhdlərinə baxmayaraq İŞİD silahlı qruplaşmasını zərərsizləşdirmək mümkün olmayıb. Əksinə adıçəkilən terror qruplaşması özünün yayılma arealını artırmaqla getdikcə daha geniş coğrafiyanı əhatə etməkdədir. Bu baxımdan İŞİD təhlükəsi Azərbaycan üçün də həlli vacib məsələlər sırasındadır.
Bu baxımdan bu günlərdə Bakıda ölkəmizin şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri-dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsində müzakirə olunan məsələlər maraq doğurmaya bilməz. Qeyd edək ki, seminar-müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "Dini radikalizmə qarşı mübarizədə hüquq mühafizə orqanlarının rolu və fəaliyyətinin əlaqələndirilməsi" mövzusunda çıxış edərək olduqca mühüm mesajlar verib.
Şöbə müdiri bildirib ki, bu gün müasir dünyada sivilizasiyaların qarşıdurması müşahidə olunur. Xüsusilə Yaxın Şərqdə dini zəmində münaqişələr, dini radikalizm və ekstremizmin artması, Avropada islamofobiya və antisemitizm meyillərinin güclənməsi multikulturalizm ideyalarının tənəzzülünün təzahürüdür. Dünyada geniş vüsət almış dini radikalizm və ekstremizm meyillərinin Azərbaycandan da yan keçmədiyini təəssüf hissi ilə qeyd edən Prezident Administrasiyasının rəsmisi deyib: "Ölkəmizdə dini radikalizm meyillərinin yayılması əsas etibarilə xarici faktorlarla, bəzi dövlətlərin fəaliyyəti ilə bağlıdır. Müəyyən qüvvələr dini radikal qruplardan istifadə etməklə öz siyasi məqsədlərini həyata keçirməyə cəhd göstərirlər".
Azərbaycanda dini radikalizmin əsasən radikal vəhhabilik və ifrat şiəlik formasında təzahür etdiyini bildirən Fuad Ələsgərov vurğulayıb ki, onların təbliğatı bir qayda olaraq xaricdə təhsil almış azərbaycanlılar tərəfindən həyata keçirilir. İndiyədək xarici ölkələrdə 3 minə yaxın azərbaycanlı dini təhsil alıb və bu gün dövlətçilik əleyhinə yönələn tədbirlərin təşkilatçısı qismində çıxış edən dindarların böyük əksəriyyəti məhz həmin şəxslərdir.
Qeyd olunub ki, hazırda dini radikalizmlə mübarizə Azərbaycanın hüquq mühafizə və xüsusi xidmət orqanları qarşısında duran əsas vəzifələrdən biridir. Xüsusilə son dövrlərdə dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi üçün ölkəmizdə mühüm qanunvericilik, institusional və praktiki tədbirlər həyata keçirilib.
Şöbə müdiri diqqətə çatdırıb ki, Suriya və İraqda silahlı münaqişələrin başlandığı dövrdən on minlərlə əcnəbi həmin ölkələrə gələrək İŞİD terrorçu qruplaşmasının sıralarına qoşulub. Onların arasında Azərbaycandan da radikal vəhhabiliyə mənsub şəxslər olub. Bu şəxslərin geri qayıtdıqdan sonra ölkəmiz üçün yarada biləcəkləri təhlükə nəzərə alınaraq onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri addımlar atılıb.
Fuad Ələsgərov eyni zamanda vurğulayıb ki, cinayət törətmiş radikal dini təriqət üzvlərinin həbs edilərək cinayət məsuliyyətinə cəlb olunması ilə iş bitmir. Belə şəxslərin fəaliyyəti istər cəzaçəkmə müəssisələrində, istərsə də cəzalarını çəkib qurtardıqdan sonra hüquq mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılır. Onun sözlərinə görə, görülmüş bu tədbirlər nəticəsində silahlı münaqişələrdə iştirak etmək məqsədilə ölkəmizdən Suriya və İraqa gedənlərin sayında kəskin azalma müşahidə edilməkdədir.
Azərbaycanda radikal dini fəaliyyətin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Prezident Administrasiyasının rəsmisi 2015-ci ilin noyabrında Bakının Nardaran qəsəbəsində baş vermiş hadisələrə də toxunub. Qeyd edib ki, bu hadisələr ifrat şiəlik ideyalarının ölkəmizin təhlükəsizliyi üçün doğura biləcəyi riskləri bir daha açıq nümayiş etdirdi. Nardaranda cinayət törətmiş radikal dini təriqət üzvlərinin çoxunun bu qəsəbənin sakini olmaması, əsasən xarici dövlətlərdə dini təhsil almasına diqqət çəkən PA rəsmisi qeyd edib ki, bu hadisələrin arxasında xarici faktorların dayanmasını ehtimal etmək üçün ciddi əsaslar var: "Yerli əhali bu insanları dəstəkləməmiş və özləri dəfələrlə hüquq mühafizə orqanlarına müraciət edərək onları zərərsizləşdirməyi xahiş etmişdi. İstintaq zamanı bu şəxslərin xaricdən maliyyələşməsi ilə bağlı mühüm faktlar əldə edilib və hazırda həmin faktlar istintaq orqanı tərəfindən araşdırılır".
Müşavirədə xüsusi olaraq vurğulanıb ki, dini radikalizmlə mübarizə sistemli və kompleks şəkildə aparılmalıdır. Bu məqsədlə inzibati və cinayət-hüquqi metodlardan istifadə edilməsi ilə yanaşı, ənənəvi dini təbliğat gücləndirilməli, dini sahədə savadlı, dövlətçiliyə sadiq ruhanilər yetişdirilməlidir. Eyni zamanda, mətbuatda, xüsusilə sosial mediada təbliğat işinə böyük önəm verilməlidir. Aidiyyəti dövlət orqanları dini radikalizmə, onun təbliğinə qarşı mübarizəni mütəmadi və əlaqəli şəkildə aparmalıdır. Eyni zamanda icra hakimiyyəti aparatlarında dini qurumlarla işin təşkilatçıları vəzifəsinin yaradılmasını mühüm institusional tədbir sayan PA rəsmisi yerli icra strukturları qarşısında mühüm vəzifələr qoyub.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20