Tanınmış musiqiçi Zahid Qubadlı iki gün öncə canlı yayımda teleaparıcı Zaur Baxşəliyevlə mübahisə etməsindən danışıb. Unikal.org xəbər verir ki, musiqiçi ölkə.az-a açıqlamasında Baxşəliyevi sərt şəkildə tənqid edib:"ATV telekanalının rəhbərliyinə təşəkkür edirəm ki, bölgələri də yaddan çıxarmırlar. Ümumilikdə çox yaxşı ideyadır. Amma təəssüf ki, Zaur efirə gələn digər qonaqlar kimi mənə də hörmətsiz davrandı. Birinə deyir ki, niyə akademik kimi dayanmısan, o birinə deyir sən yaxşılıqları adamın başına vurursan. Sanki məqsəd kimisə aşağılamaqdır. Dünəndən telefonlarım susmur. Hər kəs bu barədə açıqlama verməyimi istəyir. Deyirəm ki, istərdim Qubadlının igid oğulları burada olsunlar, sözümü kəsir. Mənim dörd qardaşım müharibə veteranıdır, əzizlərim şəhid olub. Yəqin Zaur üçün belə şeylər əhəmiyyətli deyil. 1993-cü ildə ölkəmi Türkiyədə təmsil edəndə Zaur harada idi? Zaurun nəinki mənim sözümü kəsməyə, mənimlə bu mövzuda danışmağa mənəvi ixtiyarı yoxdur. Tanınmaq hələ sevilmək deyil".
Qeyd edək ki, "Bizimləsən" verilişinin Qubadlı rayonuna həsr olunmuş buraxılışında teleaparıcı ilə musiqiçi arasında gərgin anlar yaşanmışdı.