Dünən Bakıda itkin düşən iki məktəblidən hələ də xəbər yoxdur.
Unikal.org lent.az-a istinadən əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları artıq uşaqların məktəbdən çıxaraq hansı istiqamətə getmələrini əks etdirən görüntüləri əldə edib. Görüntülərdən bəlli olur ki, Nizami rayon 32 saylı orta məktəbin rus bölməsində 5-ci sinifdə təhsil alan 11 yaşlı Şamil Babayev və İsmayıl Şəfiyev dünən saat 17:20 radələrində məktəbdən çıxıb. Onlar piyada üzü “Neftçilər” metrostansiyası istiqamətinə gedib və "Dakar" dairəsi yaxınlığında kameraların nəzarət dairəsindən çıxıblar. Məktəblilər hərəkət edərək 25-ci Polis Bölməsinin ərazisindən 24-cü Polis Bölməsinin ərazisinə keçiblər.
Polis görüntülərdən belə qənaətə gəlib ki, yeniyetmələr gərgin psixoloji durumda olmayıb və gəzə-gəzə məktəbdən uzaqlaşıblar.
İsmayıl Şəfiyev dərsə getməmişdən əvvəl evdə özünə məxsus kassasından 100 manat götürüb.
Hazırda polis məktəblilərin axtarışını davam etdirir. Onların xarakterik əlamətləri və fotoları aidiyyəti idarələrə göndərilib.
Bildirilir ki, itkin düşən hər iki məktəblinin atası azərbaycanlı, anası isə rusdur.