İtaliya prokurorluğu Türkiyə prezidentinin oğlu Bilal Erdoğanı çirkli pulların yuyulmasında ittiham edir.

Unikal.org azadliq.org-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın oğlu Bilalın İtaliyaya qanunsuz olaraq milyonlarla dollar pul gətirdiyi iddia edilib. İtaliyanın Bolonya şəhərində prokurorlar çirkli pulların yuyulması iddiaları ilə bağlı təhqiqat aparırlar.

Media xəbərlərində deyilir ki, hazırda 35 yaşlı Bilal Ərdoğan ailəsi ilə birlikdə Bolonyadadır və orada John Hopkins Universitetinin İtaliya filialında doktorluq müdafiə etməyə hazırlaşır.

Bu da bildirilir ki, cinayət işinin açılmasına Ərdoğan ailəsinin qatı opponenti, türkiyəli biznesmen Murat Hakan Uzanın iddia ərizəsindən sonra başlanıb.

Hazırda Fransada könüllü sürgündə yaşayan Uzan Ərdoğan rejimi tərəfindən təqiblərə məruz qaldığını söyləyir. O İtaliya hakimiyyət orqanlarına təqdim etdiyi ərizədə bildirib ki, Bilal Ərdoğan İtaliyada Türkiyədən çıxarılmış külli miqdarda pulların yuyulıması ilə məşğuldur. Bilal Ərdoğanın vəkili Giovanni Trombini bu barədə hər hansı şərh verməkdən boyun qaçırıb və deyib ki, “mühakimə mətbuatda yox, məhkəmədə keçirilməlidir”. Türkiyə hökumətinin tənqidçiləri və müxalifət iddia edirlər ki, gənc Ərdoğan İtaliyaya 2013-cü ildə Türkiyədə başlanmış korrupsiya qalmaqalından yayınmaq üçün köçüb. Həmin vaxt Türkiyədə qalxmış böyük korrupsiya qalmaqalında bəzi nazirlər və onların ailə üzvləri rüşvətdə ittiham edilmişdilər.

Prezident Erdoğanın dörd oğlundan biri olan Bilal neft daşımaları biznesi ilə məşğuldur. Dekabr ayında Rusiya Erdoğan ailəsini İŞİD-in Suriya və İraqdan oğurladığı nefti satmaqda ittiham etmişdi.

Bilal Erdoğan bütün iddiaları rədd edir.

Ərdoğanın oğluna cinayət işi açılıb