Azərbaycanın dövlət neft şirkəti SOCAR çoxdandır arzu olunan neftkimya layihəsinin icrasını dayandırıb.
Unikal.org anspress-ə istinadən bildirir ki, buna səbəb kimi neftin qiymətində müşahidə olunan ucuzlaşma göstərilir. Lakin şirkət özünün neftayırma və kimya zavodlarını daha da təkmilləşdirəcəyini bildirib. Bu layihəyə isə, 1.3 milyard dollar vəsait ayrılacaq. SOCAR-ın ali rəsmilərindən biri belə deyib.
SOCAR şirkəti Sanqaçal terminalında neft-kimya kompleksinin yaradılmasını planlaşdırırdı.
Layihəyə bir neçə xarici şirkətlər, o cümlədən, Yaponiyanın Mitsui şirkəti də maraq göstərib. Layihəyə edilən yatırımın ilkin həcmi 17 milyard dollar məbləğində dəyərləndirilirdi. Lakin neftayırma zavodu layihədən çıxarıldıqdan sonra yatırımın həcmi 8.5 milyard dollara düşmüşdü.
Şirkətin vitse-prezidenti Tofiq Qəhrəmanov layihənin müvəqqəti olaraq dayandırıldığını deyib.
Qəhrəmanovun sözlərinə görə, SOCAR rəhbərliyi Yaponiyanın Mitsui şirkəti ilə gələcək tərəfdaşlığa dair danışıqları davam etdirir.
Azərbaycan manatının neftin ucuzlaşması ilə əlaqədar dəyərdən düşməsi ölkənin kredit reytinqini də aşağı salıb.
"S&P" reytinq agetliyi Azərbaycanın kredit reytinqini "cank" (zibil) statusuna endirib.
Qəhrəmanov onu da qeyd edib ki, neftin qiyməti əvvəlki vəziyyətinə gələcəyi təqdirdə layihənin icrası bərpa olunacaq. Lakin şirkət hazırkı dönəmdə Bakıdakı köhnə neftayırma zavodunu və Azərkimya İstehsalat Birliyinin müəssisələrini bərpa edəcək.
"Bu layihənin həcmi 1.3 milyard dollar təşkil edir və dövlət büdcəsi tərəfindən maliyyələşdirilir." - deyə Qəhrəmanov bildirib. Onun sözlərinə görə, hazırkı layihənin 4 il ərzində bir neçə fazada tamamlanacağı gözlənilir. Bu dönəmdə müvəqqəti fasilələr də ola bilər. Tam fəaliyyət göstərəcəyi təqdirdə neftayırma zavodunun illik həcmi 6 milyondan 7.5 milyona çatacaq. Bərpa prosesindən sonra layihəyə əlavə 7-8 müəssisə də artırılacaq.