Ukrayna baş naziri Vladimir Qroysman azərbaycanlılara qarşı artan cinayətləri, xüsusilə də adam oğurluğu hallarını nəzarətə götürüb.
Unikal.org xəbər verir ki,Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən apa-ya verilən məlumata görə, bunu V. Qroysman sədrlik etdiyi "Babiy Yar" Təşkilat Komitəsinin ötən gün Kiyevdə keçirilən iclası zamanı Konqres sədri, Təşkilat Komitəsinin üzvü Rövşən Tağıyevə bildirib.
Baş nazirin diqqətinə çatdırılıb ki, son 2 ildə yalnız azərbaycanlılara qarşı adam oğurluğu, sui-qəsd hallarının artması ciddi narahatlıq doğurur, habelə qeyd olunub ki, artıq Ukrayna təhlükəsizlik baxımından azərbaycanlılar üçün arzuolunmaz ölkəyə çevrilməkdədir. V. Qroysman deyib ki, hökumətə ünvanlanmış müraciət barədə məlumatı var və azərbaycanlıların son günlər artan narahatlığı səbəbindən bu məsələni bu gündən şəxsi nəzarətinə götürür. O bununla bağlı Daxili İşlər Nazirliyinə müvafiq göstərişlər veriləcəyini və nazirin iştirakı ilə Azərbaycan diasporu rəhbərlərinin qəbulunun təşkil olunacağını bildirib.
Qeyd edək ki, Ukraynada yaşayan azərbaycanlılar onlara qarşı artan cinayət hallarına və buna reaksiya verilməməsinə görə bu gün yerli vaxtla 12:00-da Ukrayna Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirəcəklər.