“Yaxın Şərqdə müharibə gedən ərazilərdə partladılan bombalar, təyyarələrdən atılan raketlər nəticəsində havaya qalxan kükürdlü tozlar, eyni zamanda yanğınlar nəticəsində atmosferə qarışan tullantılar cənub küləkləri vasitəsilə Azərbaycana daxil olur. Bu hadisə arabir müşahidə edilsə də, ciddi təhlükə yaratmır”.
Unikal.org Modern.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov deyib. O qeyd edib ki, bu gün ölkə ərazisində əvvəlki illərlə müqayisədə çirklənmə o qədər də müşahidə olunmur.
“Son 10 ildə çox böyük dəyişiklər olub. Bakıda olan zavodlar çıxarılıb. Ola bilsin ki, hardasa nəsə qalsın, amma onlar da yeni texnologiyalarla istifadə edildiyi üçün şəhərin çirklənməsinə o qədər də təsir etmir. Sovet dövründə, eləcə də müstəqilliyin ilk illərində Sumqayıt ən çirkli şəhərlərdən hesab edilirdi. Amma bu gün Sumqayıtın havası Bakıdan da təmiz hesab edilir.
Ümumiyyətlə, hər yerdə qazlaşmaya keçməklə əlaqədar ekoloji vəziyyət günü-gündən daha da yaxşılaşır. Azərbaycanda çirklənmə səviyyəsi aşağıdır. Yol infrastrukturunun yaxşılaşdırılması, göy örtüklərinin salınması, tıxacların sayının azalması da çirkənməni azaldır. Maşınların sayının çoxalması çirkələnmənin səviyyəsini qaldırmır. Yollar yaxşıalşdırılmasaydı, genişləndirilməsiydi, müəyyən işlər görülməsəydi vəziyyət acınacaqlı olardı”.
G.Süleymanov qeyd edib ki, Bakıda cənub və şimaldan əsən küləklər paytaxtda oksigenin miqdarının artıb-azalmasına təsirsiz ötüşmür.
“Atmosferdə olan 21 faiz oksigen hər yerdə bu qədərdir. Oksigenin azalmasından söhbət gedə bilməz. Lakin Bakının belə bir xüsusiyyəti var ki, burada cənub küləkləri gələndə, gilavar olanda təmiz hava gəlmir, oksigenin miqdarı az olur. Şimal küləkləri, biz ona Ağ yel deyirik, gələndə özü ilə bol oksigen gətirir. Oksigen həmişə var. Sadəcə bəzi günlərdə külək olmayanda, durğunluq olanda çirklənmə ola bilər və oksigen miqdarı azala bilər. Bu isə 1-2 gün çəkir. Arabir olur ki, səhralardan gələn hava axını özü ilə birlikdə toz gətirir və tozlanmanın səviyyəsini artırır. Ümumilikdə götürəndə şəhərlərdə çirkələnmə normanı ötmür, norma daxilindədir”.
Mərkəz direktoru qeyd edib ki, bu gün Azərbaycanda çirklənmənin çox olduğu yer Qobustanda zavodlar olan ərazi hesab edilir.