“Rusiyaya ixrac olunan məhsulların hamısı Azərbaycan mənşəlidir”.
Unikal.org xəbər verir ki, bu açıqlamanı anspress-ə Rusiya KİV-də Türkiyə istehsalı olan pomidorun Azərbaycan adı ilə ölkəyə keçirilməsi barədə iddiaya cavab olaraq Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.
Rusiya Federasiyasının “Rosselxoznadzor” rəhbəri Sergey Dankvertinfikirlərinə görə, təkcə yanvar ayı ərzində Azərbaycanın Rusiyaya ixrac edilən pomidorun həcminin 5 qat artıb. Bu məhsulların Türkiyə istehsalı olması, Azərbaycan adı ilə ölkəyə keçirildiyi deyilir.
C.Quliyevin sözlərinə görə, Rusiya mətbuatının yaydığı bu məlumatın reallığı əks etdirmir: "2016-cı ilin yanvar ayında Azərbaycandan Rusiyaya pomidor ixracı keçən ilin yanvar ayına nisbətən 4,7 dəfə artaraq 2,6 min ton olub. Bəzi mətbuat orqanlarında bunun Türkiyə istehsalı olan pomidor olması barədə həqiqətə uyğun olmayan məlumatlar gedir. Fitosanitar Nəzarət Xidməti olaraq bu məlumatın qeyri-dəqiq olduğunu bildiririk.
Xidmət rəhbəri bildirib ki, 2016-cı ilin yanvar ayında Azərbaycana 127,9 ton pomidor idxal edilib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% azdır. Yəni Rusiyaya məhsul ixrac etmək üçün Azərbaycana pomidor idxalında heç bir artım olmayıb.
Ənənəvi Rusiya bazarında yaranmış əlverişli imkanlardan bəhrələnmək üçün Azərbaycan dövləti bu ölkəyə bütün kənd təsərrüfatı məhsulları üzrə ixracın həcminin ciddi şəkildə artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirir.
Əgər rusiyalı həmkarlar pomidor istehsalının mövcud vəziyyəti ilə tanış olmaq üçün Azərbaycana gəlmək istəsələr, onlara əlverişli şərait yaradılacaq.
"Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert bildirib ki, Türkiyə bitki məhsullarının Rusiyaya idxalına qoyulan qadağaya riayət edilməsi ilə bağlı Azərbaycan və İranın öhdəliklərinin yoxlanılması zamanı müəyyən olunub ki, yanvar ayında Azərbaycan Rusiyaya pomidor ixracının səviyyəsini 5 dəfə artırıb. Rusiya rəsmi orqanları azərbaycanlı həmkarlarının istixanada yetişdirilən pomidorların ixracatını kəskin şəkildə artırmasını anlamırlar.
Sergey Dankvert “Rosselxoznadzor”un artıq Rusiya tərəfinin narahatlığı ilə Azərbaycanın müvafiq qurumlarına məktubun göndərildiyini və məsələnin daha dəqiq araşdırılması üçün rus müfəttişlərinin pomidorların istehsal olunduğu istixanaların yoxlanılması üçün Azərbaycana ezam edilməsini istisna etmədiyini bildirib.
Əlavə edək ki, Türkiyədən Rusiyaya bitki və digər məhsulların ixracına 2016-cı ilin yanvarın 1-dən qadağa qoyulub. İki ölkə arasında münasibtlərin kəskinləşməsinə səbəb isə ötən ilin noyabr ayında Türkiyənin Rusiyaya məxsus"Su-24" hərbi təyyarəsini vurması olub. türkiyə tərəfi təyyarənin hava məkanını pozduğunu bildirib.