Azərbaycanda mövcud olan siyasi partiyaların əksəriyyətinin fəaliyyəti gözə çarpmır. Ədliyyə Nazirliyindən Modern.az saytına verilən məlumata görə, hazırda rəsmi qeydiyyatdan keçmiş 55 siyasi partiya mövcuddur. Amma bu partiyaların böyük əksəriyyətinin nəinki ictimai rəyə təsiretmə imkanı yoxdur, heç onların varlığı ilə yoxluğu belə, bilinmir.
Azərbaycandakı siyasi partiyaların üzvləri müxtəlif sosial qruplardandır. Maraqlıdır, partiya üzvləri olan insanların ortalama yaş statistikası varmı? Əgər bu statistika varsa, onların ortalama yaş həddi neçədir?
Unikal.org xəbər verir ki, Modern.az bu mövzuda bəzi siyasi partiyalarla sorğu keçirib.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə bildirib ki, AMİP üzvləri arasında ota yaş həddi 35-55 arasında dəyişir:
“AMİP Müstəqil Azərbaycanda dövlət qeydiyyatından keçən ilk siyasi təşkilatıdır. Partiyanın əsas özəyini Azərbaycanın müstəqilliyinin əldə olunmasında xidməti olmuş şəxslər təşkil edir ki, onların da əksəriyyəti hazırda əsasən orta yaş qrupuna mənsub olanlar və yaşlı nəslin nümayəndələridır.
Amma sonradan da partiyaya kifayət qədər gənclər qəbul olunublar. Dəqiq statistik rəqəm deyə bilməyəcəyəm, lakin onu deyə bilərəm ki, orta yaş qrupuna mənsub nəslin nümayəndələri çoxluq təşkil edirlər. Bu gün partiyamızda ortalama yaş təxminən 35-55 arasındadır”.
Müsavat Partiyasının Mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı deyir ki, bu siyasi təşkilatda rəhbər vəzifələrdə 30 yaşda olan insanlar da var:
“Partiyada ümumən gənclər, orta yaşlılar və yaşlılar arasında yaş kateqoriyasının təhlili aparılmadığından dəqiq məlumat yoxdur. Bizdə 18 yaşından 86 yaşa qədər üzvlər var. Rəhbərlikdə 30 yaşdan 67 yaşa kimi şəxslər təmsil olunur”.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev gənclərin partiya sıralarında 42 faiz olduğunu bildirib:
“Bizim partiyada indiyə kimi yaş məsələsi ilə bağlı dəqiq statistika aparılmadığından bunu deyə bilmərik. Gənclər partiya sıralarında 42 faiz təşkil edir. Yaş həddi baxımından statistika müəyyən etməmişik”.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib ki, üzvlər arasında gənclər azlıq təşkil etdiyindən üstünlük daha çox təcrübəli və yetkin şəxslərə verilir:
“Biz partiyamızda bununla bağlı hansısa araşdırma aparmamışıq. Yəni üzvlərin yaş kateqoriyaları, təsnifatı dəqiq deyil. Bizim partiya sıralarında insanlar müəyyən vəzifələrə yaş kateqoriyası ilə deyil, sırf ağıl kateqoriyası ilə irəli çəkilir. Biz yaş meyarını qadağan etmişik. Böyük Quruluş Partiyası gənclərin daha çox toplaşdığı partiya deyil. Ona görə də ortalama yaş kimi 30 yaş göstərmək olar. Böyük Quruluş düşünən və təcrübəli insanlardan oluşan bir partiyadır”.
Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, bu siyasi qurumda ortalama yaş 35-45-dir:
“Bizim partiyada ortalama yaş həddi 35-40 yaş olaraq götürülür. Partiyanın strukturunda, təşkilati işlərində də üzvlərin əksəriyyəti, müəyyən vəzifəni daşıyanlar 35-45 yaş arasındadır. Yeganə 60 yaşlı şəxs özüməm. Müavinlərdən heç birinin 50 yaşı yoxdur. Hamısı 50 yaşdan aşağıdır. Gənclərin çoxu isə 25-dən yaçdan yuxarı olanlardır”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli deyib ki, AXCP-də gənclər əsasəs 23-24 yaşlılardan ibarətdir:
“Mən hesab edirəm ki, partiya yaşından aşlı olmayaraq, insanların istedad və bacarığına görə bir yerdə toplaşdığı təşkilatdır. Partiyada əsas strukturlar seçkili orqanlardır. Oraya insanlar yaşından aşlı olmayaraq seçilirlər. Siyasi partiyalar haqqında qanuna görə də hər hansı partiyanın seçkili orqanında təmsil olunmağa məhdudiyyət qoymaq tamamilə ziddir. Bizim partiyanın sonuncu qurultayından sonra balanslaşdırılmış vəziyyət yaradılıb. Yəni üzvlərin üçdə bir hissəsi gənclərdən, eyni qədər orta yaşlı şəxslərdən və yaşlılardan ibarətdir.
Biz Siyavuş Novruzovdan fərqli olaraq, yaşlı üzvləri siyasətdən qovmuruq. Çünki bu, Konstitusiya və qanunazidd olan bir addımdır. Bizdə belə bir məsələ yoxdur. Gənclər əsasən 23-24 yaşlılar, tələbə və tələbə həyatını başa vurmuş insanlardır. Rəyasət Heyətində ən yaşlı üzvümüz Məşədi Vaqifdir. Onun da 75 yaşı var”.