Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Denis Duran ilə görüşüb.
Komissiyadan unikal.org-a bildirilib ki, görüşdə nümayəndəliyin yeni rəhbəri xanım Elena Aymone Sessera da iştirak edib. M. Quliyev D. Duranın Azərbaycanda çalışdığı dövrdə aparılmış birgə fəaliyyətin konstruktiv olduğunu, konkret nəticələr verdiyini qeyd edib. O, BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri təyin olunması münasibəti ilə xanım Elena Aymone Sesseranı təbrik edərək, səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
M. Quliyev qeyd edib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış ciddi humanitar problem olan əsir-girov və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üzrə fəaliyyətin prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq daha da intensivləşdirilməsi və təkmilləşdirilməsi prioritet vəzifədir. Komissiya sədri, ümumən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə keçirilmiş görüşlərin və aparılmış müzakirələrin qarşılıqlı faydalı olduğunu deyib.
Denis Duran Azərbaycanda üç ildən artıq fəaliyyət göstərdiyi müddət ərzində təmsil etdiyi qurumun nümayəndəliyi ilə general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi xidmətlər arasında daim sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıb.
Görüşdə birgə fəaliyyətin səmərəli olması baxımından bundan sonra da işgüzar əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib.