"Zərdab rayonunda 10 gündür ailə quran 26 yaşlı Pərvanə Zərbəliyevada qan xəstəliyi olub. Bu səbəbdən, ona ailə qurmaq olmazmış. Gənc qadının vəziyyəti qəfildən pisləşib və həyatını xilas etmək mümkün olmayıb.
Unikal.org-un virtualaz.org-a istinadən məlumatına görə bu haqda dünyasını dəyişən gəlinin yaşadığı Məmmədqasımlı kənd bələdiyyəsindən məlumat verilib. Mənbənin məlumatına görə, P.Zərbəliyeva həyat yoldaşı tərəfindən qaçırılsa da, valideynlər razılığa gələrək 10 gün əvvəl onlara toy ediblər.
"Onda uşaqlıqdan qan xəstəliyi olub. Həkimə aparıblar, deyib ki, Ucar rayon xəstəxanasında müayinələrdən keçin. Müayinə də ediblər. Amma ona ailə qurmaq olmazmış. Görünür, bu səbəbdən dünyasını dəyişib.
Zərdab Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətov da faktı təsdiqləyib. Baş həkimin sözlərinə görə, xəstə xəstəxanaya gətirilən zaman can verib: "Xəstəxanaya çox ağır vəziyyətdə gətirdilər. Artıq bura gələndə can verirdi. Qohumları gəlib xəstəxanada dava-dalaş salıb, götürüb apardılar. Yolda da keçinib. Ölüm səbəbini bilmirik, - deyə baş həkim bildirib.