Nərimanov rayonunda yerləşən 178 saylı tam orta məktəbin həyətində yeni inşa olunmuş mini futbol stadionun açılışı keçirilib.
Unikal.org-un məlumatına görə, açılışda Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Məclisin deputatı Adil Əliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, 178 saylı tam orta məktəbin direktoru Yusif Məmmədov, stadionun inşasına dəstək göstərmiş Azərbaycanın xalq artisti Ağadadaş Ağayev, veteran və gənc idmançılar, həvəskar futbolçular, bir sıra incəsənət xadimləri və rayonun fəal gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov idman sahəsində sürətli inkişafın baş verdiyini, gənclərimizin vətənpərvərlik ruhunda və sağlam böyüməsi üçün hər bir şəraitin yaradıldığını vurğulayıb. Bildirib ki, Azərbaycan dünyada özünü idman ölkəsi kimi artıq təsdiq edib və Bakı şəhəri Avropa və dünya səviyyəli mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi edir.
İ.İsmayılov qeyd edib ki, Azərbaycanda futbolun kütləviliyinin təmin edilməsi üçün praktiki addımlar atılır: "Həm dövlət qurumları, həm Azərbaycan Futbol Federasiyasiyaları Assosiasiyası məqsədyönlü iş aparmaqla futbolun inkişafına böyük töhfə verirlər. Nazir müavini bildirmişdir ki, bu səylər nəticəsiz qalmayacaq, futbolçularımızın beynəlxalq yarışlarda bizi sevindirəcək.
Sonra Milli Məclisin deputatı Adil Əliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Azərbaycanın xalq artisti Ağadadaş Ağayev çıxış edərək vurğulayıblar ki, futbolun inkişafı hər bir ölkə üçün vacibdir: "Futbol ən sevimli idman növüdür. Azərbaycanda da belədir. Biz çox istəyirik ki, uşaqlarımız, gənclərimiz, yeniyetmələrimiz futbol seksiyalarına qoşulsunlar, futbolla məşğul olsunlar. Bunu etmək üçün indi şərait daha da yaxşıdır, istifadəyə verilən yeni stadion Azərbaycanda mini futbolun inkişafına təkan verəcək.
Qeyd edək ki, bu gün açılan stadion Nərimanov rayonunda artıq sayca 18-ci mini futbol stadionudur.
Sonda veteran idmançılar və incəsənənt xadimləri arasında dostluq turniri keçirilib. Turnirin hər bir iştirakçısı Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və hədiyyələr ilə mükafatlandırılıb.