Bakıda yol polisinin avtomobilinin çəkiclə əzən Şahin Bəylərovla bağlı maraqlı faktlar üzə çıxıb.
Unikal.org Lent.az-a istinadən verdiyi məlumata görə, hadisəni törədən Bəylərov Şahin Mail oğlu 1974-cü ildə Laçın rayonunda anadan olub və Nərimanov rayonu Montin qəsəbəsi, Daş karxanası deyilən ərazidə yaşayırmış. Bakıda kondisioner ustalığı ilə məşğul olan 42 yaşlı Şahin Bəylərov hadisə baş verən zaman o, oğlunu Nərimanov rayonundakı idman zallarından birinə qoyub qayıdırmış.
Ailəli, 2 uşaq atası olan Şahin Bəylərovun hansı səbəbdən üstündə çəkic gəzdirməsinə gəlincə, məlum olub ki, o, şərq idman növləri ilə məşğul olurmuş və məşqlərdə müəyyən fəndləri yerinə yetirmək üçün bu alətdən istifadə edirmiş.
Ş.Bəylərov barəsində 3 maddə üzrə cinayət işi açılıb. Onun çəkiclə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzməsi və üzərindən narkotik maddə tapılmasına görə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq), 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) və 186-cı (əmlakı qəsdən məhv etmə) maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.