"Mən Salyandan Bakıya qayıdarkən fikir verdim ki, Qaradağ rayonuna qədər yol boyu sağ, sol, hər tərəf boş torpaqlardır. Orada heç nə əkilmir, heç nə bitmir. Onları da əkin dövriyyəsinə cəlb etmək olar. Sadəcə olaraq yeni texnologiyalar gətirilməlidir, suvarma sistemi qurulmalıdır, digər tədbirlər görülməlidir. Çünki bizim əsas məqsədimiz torpaqlardan səmərəli şəkildə istifadə etməkdir. İndi mövcud torpaq fondunun nə qədər olduğu bəllidir".
Unikal.org xəbər verir ki, bu sözləri, prezident İlham Əliyev pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib.
Prezident deyib: "Qeyd etdiyim kimi, istifadəsiz torpaqlar dövriyyəyə qaytarılmalıdır. Torpağı icarəyə götürən mütləq torpaqda işləməlidir, onu əmanət kimi saxlamamalıdır. Eyni zamanda, rayonlaşma getməlidir, hansı rayonda hansı məhsullar daha çox gəlir gətirir, daha çox sərfəlidir. Biz buna da baxmalıyıq, müvafiq göstərişlər verilib. Hesab edirəm ki, biz subsidiyalarla bağlı da artıq rayonlaşma sisteminə keçməliyik. Mən bu yaxınlarda Masallı rayonunda idim. Orada icra başçısından soruşdum ki, sizdə indi taxılçılıqda məhsuldarlıq nə qədərdir, dedi hektardan 20 sentner. Bizdə ölkə üzrə bu göstərici 30 sentnerdir. Amma elə təsərrüfatlar var ki, yeni texnologiyalara və iqlim şəraitinə görə hektardan 40-50 sentner taxıl götürülür. Ona görə, bəlkə də Masallıda taxılçılığa subsidiya vermək lazım deyil, tərəvəzçiliyə, çayçılığa vermək lazımdır. Ona görə, bu göstərişlər verilib. Mən bu barədə dəfələrlə danışmışam və son vaxtlar konkret tapşırıqlar verilib, indi təkliflər verilməlidir. Regionlar üzrə subsidiyalaşma təmin edilməlidir və bu, özlüyündə kənd təsərrüfatının stimullaşdırılmasına gətirib çıxaracaq. Xoşbəxtlikdən elə gözəl ölkədə yaşayırıq ki, bizim doqquz təbii iqlimimiz var. Biz hər şeyi yetişdirə bilərik, çaydan tutmuş pambığa qədər, üzümdən tutmuş meyvə-tərəvəzə qədər. Qeyd etdiyim kimi, şimal-qərb zonasında böyük fındıq bağları salınacaq. Yəni, ancaq səmərəli yanaşma olmalıdır və fermerlərə çox ciddi kömək göstərilməlidir".