Bu gün "Əsrin müqaviləsinin imzalanmasından artıq 22 il keçir.
Unikal.org xəbər verir ki, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli yataqlarının istismarını nəzərdə tutan hasilatın pay bölgüsü sazişi imzalanıb. Parlamentdə ratifikasiya olunaraq qanun statusu alan saziş çərçivəsində işlərə 1995-ci ildə start verilib. 20 sentyabr Azərbaycanda "Neftçilər günü elan edilib.
22 il bundan əvvəl dünyanın 8 ölkəsinin 13 neft şirkətiylə Azərbaycan hökuməti arasında "Azəri-Çıraq və "Günəşlinin dərinsulu hissəsinin işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi imzalanıb. Bu müqavilə xarici şirkətlərin Azərbaycanla yeni sazişlər imzalaması üçün geniş yol açdı. Neft strategiyasının həyata keçirilməsinin ilk illərində əvvəlcə Bakı-Novorossiysk kəməri yenidən quruldu, Bakı-Supsa boru kəməri inşa olundu. Daha sonra Bakı-Tiflis-Ceyhan əsas neft ixrac və Bakı-Tiflis-Ərzurum qaz ixrac boru kəmərləri tikilərək istismara verildi.
Neft sektorunun inkişafı, Dövlət Neft Şirkətinin potensialının artması Azərbaycanın öz yataqlarında daxili imkanlar hesabına axtarış qazma işləri aparmağa imkan verib. Bu işlər nəticəsində təkcə son illərdə Xəzərin Azərbaycan sektorunda iki böyük qaz-kondensat yatağı kəşf olunub. "Ümid yatağının karbohidrogen ehtiyatları 200 mlrd. kubmetr qaz, 30-40 mln. ton kondensat ehtiyatı, yeni aşkar edilmiş "Abşeronun karbohidrogen ehtiyatları isə 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat həcmində qiymətləndirilir. Qarşıdakı illərdə "Naxçıvan, "Babək, "Şəfəq-Asiman layihələri üzrə ciddi nəticələrin əldə olunacağı proqnozlaşdırılır. 1994-cü ildən bu vaxta qədər Azərbaycan neft qaz yataqlarının istismarına dair xarici şirkətlərlə 32 saziş imzalanıb. Proqnozlara görə, həmin sazişlər çərçivəsində ümumi sərmayə qoyuluşunun həcmi 60 milyard dollara çatacaq. Ümumilikdə, Azərbaycanda indi 60-dan çox yataq istismar edilir.
Neft strategiyasının son illər ölkəmizə gətirdiyi böyük dividentlərdən biri də Azərbaycanın beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. 1999-cu ilin iyununda ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng "Şahdəniz yatağının kəşf edilməsi və "Şahdəniz qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtdı.
2014-cü il sentyabrın 20-də isə Bakıda "Əsrin müqaviləsinin 20 illiyinə və "Cənub qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim keçirildi.
Bununla da dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilən "Cənub qaz dəhlizinin təməli qoyuldu.
Ötən il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyulub. TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq.
Göründüyü kimi, mənbəyini "Əsrin müqaviləsindən götürən bu zəngin potensial Azərbaycanı regionun neft-qaz dövlətinə çevirib.