Bu gün "Dostluq" parkının ərazisindəki torpaq sahələrinin alqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə təqsirləndirilən Famil Quliyev, Etibar Məmmədov və Tərlan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Etibar Məmmədov 7 il 6 ay, Famil Quliyev 7 il, Tərlan Hüseynov 7 il 6 ay azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında E.Məmmədovun 11 il, F.Quliyevin 10 il və T.Hüseynov isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Prezident İlham Əliyev ötən il keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb. Bundan sonra cinayət işi başlanılıb və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşları 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlunu istintaqa cəlb ediblər. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs-qətimkan seçilib. Daha sonra 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub.