Image result for Lalə SədiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Unikal.org apa-ya istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Yasamal rayon 27-ci Polis Bölməsinin rəis müavini Rasim Əmirov ifadə verib.

O deyib ki, təxmin dekabr ayında təqsirləndirilən Lalə Mahmudova polis şöbəsinə ərizə ilə müraciət edib ki, onun əri evdən çıxıb və bir daha geri qayıtmayıb: "Biz də araşdırmalara başladıq. Kamera görüntülərini izlədik. Sədi Məmmədov da hadisəni törədən şəxs kimi həbs olunduqdan sonra Lalə Mahmudova da səmimi etiraf edib ki, Sədi Kamranı qətlə yetirib. Sədi də sonradan bizə törətdiyi cinayəti etiraf etdi. Lalə ifadəsində mənə dedi ki, Sədi ilə əlaqəda olublar. Həyat yoldaşı isə bunu bilməyib. Biz Laləyə heç bir təzyiq etməmişik. Bu barədə deyilənlər yalandır".

Sonra L. Mahmudova vəkillərin suallarını cavablandırıb. O deyib ki, heç nədən xəbəri olmayıb və yaşadığı mənzilə gətirilən qara torbaların kimin tərəfindən ora qoyulduğunu bilmir: "Mən 15 ildir ki, o ərazidə yaşayıram, bilmirəm ki, orada kamera var? Sizcə mən razı olardım ki, kameranın qabağında ərimi öldürsünlər?".

S. Məmmədov da ifadəsində deyib ki, ibtidai istintaqa verdiyi ifadələrdən xəbərsizdir. O deyib ki, L. Mahmudova hadisə baş verən günü ərinin evdə olmayacağını deyib: "Lalə elə bilirdi ki, həmin gecə mən İsmayıllıya gedirəm. Mən evə qalxdım, gördüm evdən səs gəlir. Aşağı düşdüm, sonra geri qayıdıb qapını bir neçə dəfə döydüm. Qapını Lalə açdı. O mənə əli ilə sakit işarəsi göstərdi. Bu vaxt əri oyandı. Mən də o yataqdan qalxmaq istəyəndə iki dəfə atəş açdım. Silahı ona görə götürmüşdüm ki, evdə kim olsa öldürüm".

Proses oktyabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, Yasamal rayon sakini, 1976-cı il təvəllüdlü Kamran Mahmudovun 26 sentyabr 2015-ci il tarixdən itkin düşməsi barədə hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin tarixdə saat 03 radələrində Bakı şəhər sakini Sədi Məmmədov tanışı Lalə Mahmudova ilə qabaqcadan əlbir olub əri K.Mahmudovu öldürmək məqsədi ilə sonuncuların yaşadığı mənzilə gəlib.

S. Məmmədov K. Mahmudovun yatmış vəziyyətdə olmasından istifadə edərək özü ilə gətirdiyi odlu silahdan onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açaraq qəsdən öldürüb və meyiti L.Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək özünə məxsus BMW markalı avtomobillə İsmayıllı rayonunda qardaşı Əli Məmmədova məxsus bağ evinin həyətində basdırıblar.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. K.Mahmudovun meyiti qeyd olunan ərazidə aşkar edilərək çıxarılmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, cinayətin aləti olan odlu silah və 12 ədəd güllə maddi sübut kimi götürülüb.

Cinayətin S.Məmmədov və L.Mahmudova tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar oktyabrın 3-də tutularaq istintaqa cəlb olunublar.