Dövlət vəsaiti hesabına müxtəlif xəstəliklərdən əziyyət çəkənlərə yardım edilir

Hüquqşünas Mehman Muradlı: "Qanunda narkoloji xəstələr barədə sosial-psixoloji reabilitasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur

Azərbaycanda dövlətin sosial siyasətindən yararlanan təkcə əlil və digər kateqoriyadan olan vətəndaşlarımız deyil. Belə ki, dövlət vəsaiti hesabına müxtəlif xəstəliklərdən əziyyət çəkən vətəndaşlara da yardım göstərilir.

Məlumat üşün nəzərə çatdıraq ki, narkomanlıq və alkoqolizmə düçar olanların problemlərinin həlli ilə bağlı da müxtəlif tədbirlər həyata keçirilir. Bununla bağlı dövlət proqramları da qəbul olunub. Bundan sonra da ölkəmizdə alkoqolizm, narkomanlıq və ya toksikomanlıq, abstinent sindromu vəziyyətində olan şəxslərə dövlət büdcəsi hesabına narkoloji yardım göstəriləcək.

Bu barədə "Unikala açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, bununla bağlı məsələlər "Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi Qaydası"nda əksini tapıb. Onun sözlərinə görə, qərarda dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək narkoloji yardımlar da müəyyən edilib: "Onu da deyim ki, "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 313-IVQD nömrəli Qanununun tətbiqi və "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun tətbiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Prezidentinin 2012-ci il 25 aprel tarixli 614 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti müvafiq qərarlar alır. Qərarla, "Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi Qaydası" təsdiqlənib. Yəni, narkoloji yardım dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Bu qayda "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 313-IVQD nömrəli Qanununun tətbiqi, "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Prezidentinin 2012-ci il 25 aprel tarixli 614 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrası məqsədi ilə hazırlanıb və narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi qaydasını müəyyən edir.

Hüquqşünas deyir ki, dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən narkoloji yardımlar aşağıdakılardan ibarətdir:
- insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslərin səhhətinin qiymətləndirilməsi və ehtiyac olduqda onlara ixtisaslaşdırılmış narkoloji yardımın göstərilməsi;
- narkoloji xəstələrin səhhətinin və psixoloji vəziyyətinin qiymətləndirilməsi, narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi (tibbi yoxlama);
- narkoloji xəstələrin müalicəsi;
- əvəzedici müalicənin tətbiq edilməsi;
- narkoloji xəstələr üzərində sonrakı müşahidənin həyata keçirilməsi;
- narkoloji xəstələr barədə sosial-psixoloji reabilitasiya tədbirlərinin həyata keçirilməsi.

Məlumat üçün nəzərə çatdıraq ki, narkoloji yardım alkoqolizm, narkomanlıq və ya toksikomanlıq, abstinent sindromu vəziyyətində olan şəxslərə göstərilir. Respublika ərazisində narkoloji yardım Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həkim-narkoloqlar tərəfindən yerinə yetirilir. Narkoloji yardım göstərilmiş hər bir şəxs barədə müvafiq qeydiyyat aparılır. Mehman Muradlı deyir ki, narkoloji yardım xidmətinin təkmilləşdirilməsi və narkoloji yardımın göstərilməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli xərclərində "Səhiyyə" bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir. Onun fikrincə, Dövlət büdcəsinin vəsaiti hesabına narkoloji xəstəliklərin müalicəsini həyata keçirən narkoloji tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir: "Dövlət büdcəsinin vəsaiti hesabına narkoloji xəstəliklərin pulsuz müalicəsi Səhiyyə Nazirliyi və onun yerli orqanları tərəfindən həyata keçirilir. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranziti və istehsalı ilə əlaqədar cinayət-hüquq tədbirlərinin tətbiq edilməsi nəticəsində müsadirə olunmuş və dövlət hesabına yönəldilmiş əmlak yalnız narkomanlığın profilaktikasına və narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsinə və sosial reabilitasiyasına sərf edilir. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 28 iyun 2007-ci il tarixli 2271 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı" Dövlət Komissiyası tərəfindən uğurla icra olunur. Proqramın "Narkomanlıqla mübarizə sahəsində ümumi və fərdi profilaktiki tədbirlər" bəndinə əsasən Bakı şəhərində narkomaniya xəstəliyinə düçar olmuş yeniyetmə və gənclərin vaxtında müəyyən edilərək barələrində tibbi-profilaktik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, təhsilalanların narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmələrinin və asılılığının aşkarlanması məqsədi ilə "Narkotiklərə YOX deyək!" adlı kütləvi ictimai kampaniya da keçirilir. Mövcud problemin vacibliyini nəzərə alaraq, Respublika Narkoloji Mərkəzinin, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Təhsil Nazirliyi nümayəndələrinin və müvafiq mütəxəssislərin iştirakı ilə bölgələrdə 6-7 noyabr 2012-ci il tarixində Mingəçevir şəhərində, 20-21 noyabr 2012-ci il tarixində Lənkəran şəhərində, 23-24 noyabr 2012-ci il tarixində Gəncə şəhərində "Narkotiklərə YOX deyək!" adlı bir sıra tədbirlər həyata keçirilib.

Onu da nəzərə çatdıraq ki, Respublika Narkoloji Dispanseri Səhiyyə Nazirliyinin 20.08.1986-cı il tarixli 269 saylı əmri ilə yaradılıb. 14 iyun 2011-ci il tarixli, 63 nömrəli əmrlə təsdiq edilmiş əsasnaməyə əsasən isə, Respublika Narkoloji Mərkəzi (bundan sonra "Mərkəz") fəaliyyətə başlayıb. Mərkəz əhaliyə ixtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərən müalicə profilaktika müəssisəsi olmaqla yanaşı, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə Azərbaycan ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların dövriyyəsinə nəzarəti həyata keçirən müəssisədir. Respublika Narkoloji Mərkəzi narkoloji xidmət sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində müvafiq işlər görür.Respublika Narkoloji Mərkəzində ixtisaslaşmış ambulator və stasionar tibbi xidmət göstərilir. Adıçəkilən xidmətlər könüllülük prinsipi ilə həyata keçirilir. Belə ki, 18 yaşından yuxarı olan hər bir narkoloji xəstə müalicə olunub-olunmamaq qərarını özü verməlidir. Ambulator şöbədə iki anonim kabinet də fəaliyyət göstərir. Respublika Narkoloji Mərkəzində xəstələrə psixoloji yardımın həyata keçirilməsi məqsədi ilə psixoterapiya kabineti də yaradılıb. Burada müalicənin effektivliyinin artırılması məqsədilə müalicə alan şəxslərlə psixoloq və həkim-psixoterapevt tərəfindən fərdi və qrup şəklində söhbətlər aparılır. Respublika Narkoloji Mərkəzində metadonla əvəzedici müalicə proqramı da həyata keçirilir. Proqram Səhiyyə Nazirliyinin 14.08.2001-ci il tarixli 83 H-li əmri əsasında fəaliyyət göstərir.

Nazirlər Kabinetinin 021 saylı 26.01.2006-ci il tarixli qərarı ilə respublikamızda "Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları" da təsdiq edilib. Əvəzedici müalicə proqramlarının tətbiq olunmasının əsas prinsipləri inyeksion yolla narkotik maddələr istifadə edənlər arasında İİV/QİSÇ-in yayılmasının qarşısını almağa və onların profilaktikasının təmin olunmasına yönəlib. Hüquqşünas onu da vurğulayıb ki, hazırda metadonla əvəzedici müalicə proqramı üzrə iki məntəqə fəaliyyət göstərir. Onun sözlərinə görə, bunlardan biri Respublika Narkoloji Mərkəzi, digəri isə QİÇS-lə Mübarizə Mərkəzidir: "Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzində insan immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə kabinetinin yaradılması barədə" 22/I-ŞH saylı 16.07.2011-ci il tarixli əmrinə əsasən, 14.07.2011-ci il tarixdən Respublika Narkoloji Mərkəzində immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə kabineti yaradılıb. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə Mərkəzin iki məntəqəsində həyata keçirilir. Onlar Respublika Narkoloji Mərkəzi və 3 saylı şəhər poliklinikasında yerləşən narkoloji məntəqədir. Cinayət işi aparıldıqda, məsuliyyətə cəlb olunan şəxsin sistematik olaraq spirtli içki və narkotik maddələr qəbul etməsi ilə bağlı məlumat alınırsa və bu şəxsin xroniki alkoqolizm və ya narkomaniyadan əzab çəkməsi haqda şübhələnməyə əsas varsa, məhkəmə narkoloji ekspertiza təyin edir. Məhkəmə-narkoloji ekspertizanın aparılması Respublika Narkoloji Mərkəzində yaradılan xüsusi tibbi komissiyaya tapşırılıb. Narkoloji Mərkəz Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə respublika ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların dövriyyəsinə nəzarəti həyata keçirir. Respublikada həmçinin, dispanserlər də fəaliyyət göstərirlər.

Z.Məmmədli