2016-cı ilin 8 ayı ərzində respublikanın avtomobil yollarında Azərbaycanda 1331 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 490 nəfər həlak olub, 1409 nəfər isə yaralanıb.
Unikal.org bildirir ki, bunu APA TV-yə açıqlamasında Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
O bildirib ki, yol qəzaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 128 fakt, qəzada ölənlərin sayı 93, yaralananların sayı isə 123 fakt azalıb: "Bu da müvafiq olaraq qəzaların 8,8 faiz, qəzada ölənlərin 16 faiz, yaralananların isə 8 faiz azalması deməkdir. Qəzaların 440 Bakı şəhərində qeydə alınıb ki, nəticədə 118 nəfər həlak olub, 463 nəfər isə yaralanıb. Bu, təxminən paytaxtda baş verən qəzaların sayının 18 faiz azalması deməkdir. 22 faizdən çox ölənlərin sayı, 21,1 faiz də yaralananların sayı azalıb".
"Qəzaların çoxu piyadaların vurulması ilə bağlı olan faktlardır" deyən DYP rəsmisinin sözlərinə görə, bu, ümumi hadisələrin 40 faizini təşkil edir: "Səkkiz ay ərzində 539 hadisə nəticəsində 195 piyada həlak olub, 394 nəfər isə yaralanıb. Sərxoş sürücülərlə bağlı statistikada da vəziyyət əvvəlki illərlə müqayisədə qənaətbəxşdir. Əvvəllər sərxoş sürücülər tərəfindən törədilən qəzalar ümumi hadisələrin 2,7 faizini təşkil edirdisə, artıq bu səkkiz ay ərzində sərxoş sürücülər tərəfindən törədilən qəzalar ümumi qəzaların 1,9 faizini təşkil edib. Yəni ümumilikdə 9 ay ərzində 26 belə qəza hadisəsi baş verib, 12 nəfər həlak olub, 28 nəfər isə yaralanıb. Yol-nəqliyyat hadisələri zamanı 35 nəfər azyaşlı dünyasını dəyişib, 124 nəfər isə yaralanıb. Bu da 2015-ci illə müqayisədə 17 ölüm hadisəsinin və 9 yaralanma hadisəsinin azalmasıdır".
Avtobus qəzalarının sayında da azalma olduğuna diqqət çəkən Kamran Əliyev qeyd edib ki, bu ilin səkkiz ayı ərzində avtobus sürücüləri tərəfindən törədilən qəzaların sayı 52, ölənlərin sayı 25, yaralananların sayı isə 85 nəfər təşkil edib. Onun sözlərinə görə, yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsiri olub.