Səbail rayonunda aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində qısa müddət ərzində artıq 3-cü məhəllədə əsaslı təmir işləri həyata keçirilib və abadlıq işlərinin həcmi daha da genişləndirilir. Bayıl yaşayış sahəsində yerləşən məhəllədə işlərin başa çatması münasibəti ilə Səbail Rayon rəhbərliyi, təsərrüfat və digər xidmət sahələri nümayəndələrinin iştirakı ilə burada yaşayan sakinlərlə görüş keçirilib, rayon rəhbərliyi sakinlərin istək və arzularını dinləyib, onların həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
Unikal.org bildirir ki, görüşdə sakinlər sosial məsələlərlə yanaşı həmçinin bu gün ölkədə gedən prosseslərə, müxalifətin sabitliyi pozmağa yönəldilən cəhdlərinə də toxunaraq, buna öz münasibətlərini bildiriblər.
Rayon sakinlərindən çıxış edənlər ilk növbədə ölkədəki sabitlik və əmin-amanlığa diqqət çəkərək, bu istiqamətdə ölkə başçısı cənab İlham Əliyevin yeritdiyi siyasəti və gördüyü işləri yekdilliklə dəstəklədiklərini, sentyabrın 26-da keçiriləcək referendumda fəal iştirak edəcəklərini bidiriblər. Son günlər bəzi radikal müxalifət qüvvələrinin ölkədə stabilliyin pozulması ilə bağlı cəhdlərini pisləyiblər.
Rayon sakini Rövşən Cavadov fikirlərini belə ifadə edib: "Kimdir bu Əli Kərimli? Vaxtı ilə özləri hakimiyyətdə olanda ölkəni parçalanmağa gətirib çıxardılar, pis vəziyyət qoyub, sonra da qaçdılar. Bəs indi nə istəyirlər? Mitinqlərdə əsassız olaraq insanları, vəzifəli şəxsləri tənqid yox, təhqir edirlər. Kim onlara bu huququ verib? Niyə buna qarşı ölçü görülmür? Mən tələb edirəm ki, Əli Kərimli və onun ətrafına qarşı çox ciddi ölçü götürülsün!"
Digər çıxışçılar da müxalifətin ölkəni uçuruma sürükləmək cəhdləri pisləyib və onlara qarşı ciddi tədbirlərin görülməsini tələb ediblər.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirmişdir ki, müxalifət gərək konstruktiv mövqedən çıxış etsin və eyni zamanda çıxış yolları göstərsin. Lakin təəssüf hissi ilə deməliyik ki, onlar artıq bu prossesləri siyasi biznes kimi qəbul edirlər: "Azərbaycan bu gün inkişaf edir, Azərbaycan yeniləşir və ən əsası Azərbaycanda sabitlik vardır. İnkişaf və təqəqqi göz qabağındadır və bu siyasətin başında möhtərəm cənab Prezident durur".