Daxili işlər orqanları Azərbaycan ərazisində dövriyyəsi qanunla qadağan edilən, məhdudlaşdırılan narkotik vasitələrin və onların prekursorlarının, eləcə də psixotrop tərkibli dərmanların qeyri-qanuni satışının təşkil olunmasına qarşı mübarizəni davam etdirir.
Unikal.org-a Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Yasamal rayonu ərazisində yerləşən apteklərdən birində dövriyyəsi qadağan edilən narkotik tərkibli dərmanların satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin aptekdə işləyən Şirvan şəhər sakini Tural Abıyev güclü psixotrop təsirə malik olan 9 ədəd "Lyrica kapsulunu satarkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan şəxsin işlədiyi aptekə baxış zamanı oradan əlavə olaraq psixotrop tərkibli 3200 ədəd "Tramadol, 112 ədəd "Lyrica, 1335 ədəd "Pregabalin kapsulaları, 165 ədəd "Tradolex ampulaları və 4 ədəd "Tropicamide Mydrax flakonu aşkar olunaraq götürülüb.
İlkin dindirmə zamanı, T.Abıyev işlədiyi aptekdə həmin dərmanların satışını həyata keçirdiyini etiraf edib.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.