Azərbaycanın baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetində 2017-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2017-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, iclası giriş sözü ilə açan A. Rasizadə bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsi son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslər nəzərə alınmaqla, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində əldə olunan nailiyyətlər zəminində tərtib edilib.
Layihənin hazırlanmasında dövlət büdcəsinin sosial yönümlüyü əsas götürülüb, əhalinin maddi rifahının daim yaxşılaşdırılması, dövlətin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusən qeyri-neft sektorunun inkişafına dəstək verilməsi kimi mühüm amillərə diqqət yetirilib.
Sonra maliyyə naziri Samir Şərifovvə iqtisadiyyat naziri Şahin Mustafayev gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış ediblər.
Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrin yekununda əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq dövlət proqramları əsasında hazırlanan "Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri və "Azərbaycan Respublikasının 2017-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin bəyənilərək "Büdcə sistemi haqqında qanuna əsasən büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan prezidentinə təqdim edilməsi qərara alınıb.