Saatlı polisinin təşkil etdiyi əməliyyat zamanı narkotik vasitə aludəçisi olan Fətəlikənd kənd sakini 37 yaşlı Qəzəli Bulkvadze saxlanılıb.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, onun yaşadığı ünvanda torbalara qablaşdırılmış ümumi çəkisi 409,088 qram qurudulmuş marixuana aşkar olunub.

Məlum olub ki, Bulkvadze çətənə kollarını bir neçə müddət öncə çöl sahədə kanal qırağında tapıb. Daha sonra əldə etdiyi toxumları əkərək aqrotexniki qaydada qulluq edərək yetişdirib.

"Balıq tutarkən göl qırağından tapmışam. Narkotik olduğunu bilirdim. Qoxusuna baxdıqdan sonra tam əmin oldum. Toxumları daha sonra əkdim. İçkini buraxıb, tövbə etmişdim. Yaxşı yata bilmirdim deyə narkotik çəkirdim. Düşünmürdüm ki, içkini buraxandan sonra narkotikə başlayacam. Çox peşmanam. İndi baxıram ki, narkotiksiz həyatı yaşamaq daha gözəldir. Bir daha etməyəcəm", - saxlanılan şəxs deyib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.