Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Nərgiz Məmmədovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org report-a istinadən məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Məmmədovanın apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib, onun barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, N.Məmmədova Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali məktəblərə təşkil etdiyi test imtahanlarından kənar tələbə qəbul etdirməkdə təqsirli bilinib. O, 2007-ci ildə Rüfət Şərifovu Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirmək adı ilə aldadaraq, ondan 23 min manat pul almaqda ittiham edilib.

N.Məmmədova Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.
Daha əvvəl eyni iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Məmmədovaya Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. 8 il 6 ay müddətinə cəza alan N.Məmmədovanın cəzası şərti hesab olunub və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan Baş Prokurorluq apellyasiya protesti verib.

Bakı Apellyasiya Məhkəməsində dövlət ittihamçısının protesti təmin edilib və hökmdən CM-nin 70-ci (şərti) maddəsi xaric edilib. N.Məmmədova məhkəmə zalında həbs edilib. Onun işinə yenidən Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə N.Məmmədova yenə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.