«Qanun» Nəşrlər Evi qarət olunub.
Unikal.org xəbər verir ki, bu barədə nəşriyyatın rəhbəri Şahbaz Xudoğlu «Facebook» səhifəsində məlumat yayıb. Onun qeydlərini təqdim edirik:
«Öncə onu deyim ki, mən bu postu xəcalət təri tökə-tökə yazıram.
Bu gün səhər tezdən qara xəbər gəldi ki, deyəsən nəşriyyata oğru girib. «Qanun»un əsas qapısı açılmış, mühasibatlığın qıfılı sındırılmışdı, şkaflar ələk-vələk edilmişdi. Ən üst mərtəbənin banından tavan dağıdılmış, "Əli və Ninonun seyfi yarılmışdı. Eyni mərtəbədə olan başqa bir otağın əşyaları dağıdılmışdı. Daha bir qapıya lom salınmışdı. Bir sözlə, nəşriyyatın binasını gecə uzunu yaxşıca yağmalamışdılar.
İşçilər gəldilər, polisləri çağırdıq, bəlli oldu ki, bizim kassadan 3 mindən çox pul aparılıb, "Əli və Ninodan isə 213 manat 20 qəpik. Kameralara baxdıq, iki maskalı şəxsin görüntüsü var idi. Tarixə baxdıq - 27 sentyabr. Düz bir il əvvəl eyni gündə, eyni hadisə baş vermişdi. O zaman açılmış cinayət işi sanki bir futbol topu kimi prokurorluqla polis arasında qaldı, sıxıldı, əzildi və günlərin bir günü havaya qovuşdu, yox oldu. Nə prokurorluqdan bir xəbər gəldi, nə polisdən.
Biz ümidimizi itirməmişik. Yenə, bu dəfə də polisə sığındıq. Amma əgər keçən il eyni vaxtda baş verən o əsrin oğurluğu açılsaydı, bu gün bu hadisə baş verməzdi. Bomba axtarmaq adıyla nəşriyyatımız bağlanmasaydı, vergilər tərəfindən 150 min qondarma cərimə edilməsəydik, gömrükdə kitablarımız həbsə alınmasaydı, bir sözlə, qanun işləsəydi, hüququn aliliyi qorunsaydı, bu gün öyrəncəli oğruların asan gəlir mənbəyinə çevrilməzdik».