SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Yunanıstan baş naziri Aleksis Tsiprasla görüşü başa çatıb.

Unikal.org xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev bildirib.

Onun sözlərinə görə, bir saatdan çox davam edən görüş gərgin, lakin səmimi atmosferdə keçib.

"Cənab Tsipras bildirib ki, Azərbaycan və Yunanıstan iki tərədaş ölkədir, SOCAR isə rəsmi Afina tərəfindən strateji tərəfdaş kimi qəbul olunur", - deyə diplomat bildirib.

Səfir əlavə edib ki, görüşün yekununda SOCAR tərəfindən DESFA-nın özəlləşdirilməsi ilə bağlı işçi qrupunun yaradılması barədə qərar qəbul olunub: "İşçi qrupuna Azərbaycan tərəfindən SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, Yunanıstan tərəfindən isə baş nazirin aparıcı iqtisadi müşaviri Dmitrios Lyakos rəhbərlik edəcək. İşçi qrupu İtaliyanın "Snam" və Avropa Komissiyası ilə sıx əlaqədə çalışacaq. İşçi qrupu bir ay ərzində DESFA-nın özəlləşdirilməsi ilə bağlı çıxış yolunu axtaracaq. Beləliklə, zəmanət məktubunun müddəti oktyabrın 31-dək uzadılıb".