Ukraynada azərbaycanlı tələbə qətlə yetirilib.

Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə sentyabrın 27-də Kiyev şəhərində qeydə alınıb. Zaqatala rayon sakini, 22 yaşlı Məhəmməd Amil oğlu Səfərəliyev naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Mərhumun meyiti bu günlərdə Azərbaycana gətiriləcək.

Qeyd edək ki, M. Səfərəliyev Ukraynada ali təhsil alırmış.

***

Azərbaycanlı tələbə Məhəmməd Səfərəliyevin Krımın Simferopol şəhərində öldürülməsi ilə bağlı yeni məlumatlar üzə çıxıb.
M. Səfərəliyevin qardaşı Ramin Səfərəliyev APA-ya bildirib ki, hadisə sentyabrın 26-ı axşam Simferopolda baş verib.
Simferopoldakı ali məktəblərdən birinin yuxarı kurs tələbəsi olan M. Səfərəliyevin iranlılar tərəfindən öldürüldüyü bildirilir. M. Səfərəliyevə arxadan çoxlu bıçaq zərbəsi vurulub, o, aldığı zərbələrdən dünyasını dəyişib.
Qətlin səbəbi hələlik məlum deyil.
M. Səfərəliyevin meyitinin sabah Azərbaycana gətirilməsi nəzərdə tutulur.
Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.

***
Ukraynada azərbaycanlı tələbə Məhəmməd Səfərəliyevin qətlinin detalları məlum olub.
Mərhumun dostu Rüfət Rəhmanovun "Report"un Ukrayna bürosuna verdiyi məlumata görə, qətl hadisəsi Simferopol şəhərində Rıleyeva 4 küçəsində, V.İ.Vernadski adına Krım Federal Universitetinin Tavriya Akademiyasının tələbə yataqxanasının binası yaxınlığında törədilib.
"Onu ya iranlı, ya da ərəb qətlə yetirib. Bildiyim qədəri ilə daha əvvəl həmin şəxslə aralarında münaqişə yaşanmışdı. Bu il azərbaycanlı tələbələrə qərəzli münasibət göstərirdilər, yataqxana komendantı onları yerləşdirməkdən imtina edirdi. Məhəmmədin qaldığı otağa daha əvvəl münaqişə yaşadığı şəxsi yerləşdirdilər. İki gün əvvəl aralarında hətta əlbəyaxa dava olmuşdu. Həmin o iranlı və ya ərəb dünən yataqxananın yaxınlığında onu bıçaqlayıb", - deyə Rüfət Rəhmanov bildirib.
O qeyd edib ki, əldə etdiyi məlumata görə, cinayətkar artıq saxlanılıb.