Bakı Ağır Cinayətlər Məhkəməsində "Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sabiq rəis müavini Mübariz Mədətovun evindən seyf oğurlamaqda təqsirləndirilən Ruslan Nabatov və Ramil Bağırovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Unikal.org-un "Qafqazinfoya istinadən verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə R.Nabatov və R.Bağırov hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.
Zərərçəkən Mübariz Mədətova dəfələrlə bildiriş göndərilsə də, o məhkəmə prosesinə qatılmayıb. Onun barəsində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılsa da, bu da reallaşmayıb. Proses M.Mədətovun iştirakı olmadan keçirilib.
Hadisə bu il mayın 23-də baş verib. Bakı şəhər sakini Mübariz Mədətova məxsus evdən içərisində 10000 ABŞ dolları və 40000 avro pul olan seyfi oğurlanıb.
Ruslan Nabatov tanışı Ramil Bağırovla birlikdə Mübariz Mədətova məxsus Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən bağ evindən oğurluq edib. M.Mədətovun həyətyanı evində təmir işləri aparıldığından evin açarı orada işləyən Anar adlı şəxsdə olub. Anar Zabirovun uşaqlıq dostu Ruslan Nabatov onun M.Mədətova məxsus bağ evində işlədiyini bilib. Hadisə baş verən gün təsadüfən Anarla rastlaşan Ruslan onu bağ evinə aparıb. Ruslan otaqları gəzərkən dəmir seyf olduğunu görüb. Seyfin içərisində pul olduğunu yəqin edərək onu oğurlamağı qərara alıb. Bu haqda dostu Ramil Bağırova təklif edib, o da razılaşıb. Daha sonra maşını zibillik olan əraziyə sürüblər və seyfi sındırıaraq içərisindəki pulları bölüblər.
Onu da xatırladaq ki. M.Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi "Mercedes G Class markalı avtomobillə Binə qəsəbəsi yaxınlığında xalq artisti Ağasəlim Abdullayevin ailəsinin olduğu maşını vurub və ailənin iki üzvü vəfat edib. Bundan sonra M.Mədətov prezidentin sərəncamı ilə tutduğu vəzifəsindən azad edilib.