Prezident İlham Əliyevin imzaladığı 4 avqust 2016-cı il tarixli «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri və vergi inzibatçılığının təkmilləşdirilməsi barədə» sərəncamında nəzərdə tutulan mühüm məsələlərdən biri də elektron qaimə-faktura sisteminin tətbiqidir.

Unikal.org xəbər verir ki, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva bildirib ki, elektron qaimə-fakturaların tətbiqinə dair qanunvericiliyə dəyişikliklərlə bağlı layihə üzərində işlər artıq yekunlaşıb. Layihəyə əsasən, Vergi Məcəlləsində sahibkarlar arasındakı münasibətlərin hüquqi şəkildə tənzimlənməsinə, yəni onların bir-birlərinə təqdim etdikləri mallara görə qaimələrin elektron qaydada təqdim olunmasına dair öhdəliklər müəyyənləşəcək. E-qaimə vasitəsilə, ƏDV-də olduğu kimi, digər vergi növləri üzrə də malların satışı tsikli tam şəkildə elektron qaydada nizamlanacaq, proses vergi orqanları tərəfindən izlənəcək.

Elektron qaimə-fakturanın tətbiqinin digər üstünlüyü isə mətbəə xərclərinin və vaxt itkisinin azaldılmasıdır. Yeni layihənin tətbiqi nəticəsində heç bir mətbəəyə müraciət etmədən, əlavə vaxt itkisinə yol vermədən birbaşa internet vasitəsilə real vaxt rejimində elektron qaimə-fakturanı hazırlayıb malın (işin, xidmətin) alıcısına təqdim etmək mümkündür.

S.Musayeva bildirib ki, nazirlik ilk dəfə e-fakturanın tətbiqinə 2013-cü ildə ƏDV ödəyiciləri üçün başlayıb və nəticə uğurlu olub. Xüsusilə də vergi ödəmələrində mühüm dəyişikliklər baş verib, fakturanın tətbiq olunduğu il dövlət büdcəsinə ƏDV üzrə vergi daxilolmalarının həcmi əvvəlki illə nisbətdə 70% artıb. S.Musayevanın sözlərinə görə, bəzi sahibkarlar apardıqları əməliyyatın özünü gizlətmək istəyirlər, bunun qarşısının alınmasında ən yaxşı metodlardan biri e-qaimənin tətbiqidir. Beynəlxalq təcrübə göstərir ki, qaimə-fakturaların kağız formasında tətbiqi mal, iş və xidmətlər üzrə nəzarətin lazımi səviyyədə təşkil olunmamasına və nəticədə vergidən yayınma hallarına şərait yaradır. Elektron qaimə-faktura sistemi təkcə vergi sahəsi ilə məhdudlaşmır, hazırda maliyyə və bank sektorunun elektron mühasibat sistemləri yeni əsaslar üzərində qurulur, ödəniş sistemlərində dəyişikliklər baş verir, digər sahələrdə hesablaşmaların strukturu təkmilləşdirilir və bütün bu amillər elektron qaimə-fakturanın hüquqi çərçivəsində də dəyişiklikləri labüd edir. Məhz bu baxımdan, elektron qaimə-faktura inzibatçılıq xərclərinin aşağı salınmasında, məlumat mübadiləsinin çevikliyinin artırılmasında və aparılan əməliyyatlarda şəffaflıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.

Azərbaycan e-fakturanın tətbiqi ilə bağlı mexanizmin hazırlanmasında Avropa İttifaqının müvafiq direktivlərinə və təcrübəsinə də böyük əhəmiyyət verib. Vergi orqanı əməkdaşları indiyədək Avropa Komissiyasının dəstəyi ilə TAIEX Texniki Yardım Proqramı çərçivəsində elektron-qaimənin tətbiqi ilə bağlı təlimlərdə iştirak edib, xarici ölkələrin təcrübəsini mənimsəyiblər. Vergilər Nazirliyində işçi səfərdə olan TAIEX-in ekspertləri Avropa İttifaqına üzv ölkələrdə e-qaimənin tətbiqinin hüquqi və inzibati mexanizmləri, müxtəlif biznes strukturlarının ondan istifadə təcrübəsinə dair qanunvericilik, vergidən yayınmanın qarşısının alınmasında e-qaimənin rolu və digər maraq doğuran məsələlərlə bağlı təlim keçiblər. Azərbaycanın vergi orqanı əməkdaşlarının qazandığı təcrübə xarici ekspertlər tərəfindən məmnunluqla qarşılanıb. Məsələn, Fransanın vergi administrasiyasının e-qaimə üzrə tanınmış mütəxəssisi Lusien Gimenez azərbaycanlı mütəxəssislərin bu sistemi tətbiq etməyə tam hazır olduqlarını bildirib. Mütəxəssisin fikrincə, Azərbaycanın vergi administrasiyası e-qaimə vasitəsilə biznes sektorunda və kommersiya müəssisələrində vergidən yayınma hallarının qarşısını ala biləcək.

Bəs e-qaiməni tətbiq etməyən sahibkarları nə gözləyir? S.Musayeva bildirib ki, müəyyən edilmiş öhdəliklərə riayət olunmadığına görə tətbiq edilən cərimə və sanksiyalar öz qüvvəsində qalır və layihədə e-qaimənin tətbiqindən yayınan sahibkarlar üçün cəza mexanizmi nəzərdə tutulub.