"Bəzi ekspertlər (bilərəkdən, bilməyərəkdən) səhvə yol verərək müdafiə xərclərinin ciddi şəkildə azaldıldığını yazırlar.
2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsində Müdafiə və təhlükəsizlik xərcləri Dövlət büdcəsi xərclərinin funksional təsnifatında təkcə müdafiə bölməsində deyil, digər xərc bölmələrində də nəzərdə tutulub.
Unikal.org oxu.az-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"Ona görə də Maliyyə Nazirliyinin saytında yerləşdirilmiş "2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatının 41 ci səhifəsində qeyd olunan ümumi rəqəm reallığı əks etdirir.
Müharibə şəraitində yaşayan dövlətimizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsi xərclərinə 2017-ci ilin dövlət büdcəsi xərclərinin 17,4%-i həcmində və ya 2,9 milyard manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 187 milyon manat və ya 6,9% çoxdur.
Eyni zamanda nəzərə alınmalıdır ki, Dövlət sirri haqqında qanuna əsasən, təhlükəsizlik və müdafiə xərclərini detallı şəkildə açıqlamaq mümkün deyil, - deyə nazirlikdən qeyd edilib.