Gələn həftədən Azərbaycana idxal edilən DVB-T və DVB-T2 standartına uyğun rəqəmli televiziya yayımı üçün avadanlıqlar gömrük idxal rüsumundan azad ediləcək.
Unikal.org apa-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə qərarında əksini tapıb.
Qərara əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, DVB-T və DVB-T2 standartına uyğun rəqəmli televiziya yayımı üçün avadanlıqlar və onlara aid ötürücü anten fider sistemləri gömrük idxal rüsumundan azad ediləcək. Bu qərar 3 il müddətində qüvvədə olacaq.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq. Növbəti mərhələdə - 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək. Əgər televizorda rəqəmsal kanal qəbuledicisi yoxdursa, DVB-T və DVB-T2 standartına standartını dəstəkləyən əlavə dekoder əldə edərək bu çatışmazlığı aradan qaldırmaq olar.