Dünən Bakıda 34 yaşlı Ənvər Şirinovun ölümü ilə nəticələnən hadisənin bəzi detalları məlum olub.
Unikal.org "sputnik"ə istinadən xəbər verir ki, özünü Heydər Əliyev prospekti 99 ünvanındakı binadan atan Ə.Şirinov əslində orada yaşamırmış.
Məlum olub ki, Ə.Şirinovun yaxın münasibətdə olduğu qadın həmin binada yaşayır. Həmin qadın ilkin ifadəsində bildirib ki, 1 aya yaxındır, Ənvəri görməyib və axırıncı dəfə evdə münaqişə etdikdən sonra o gedib.
Ehtimal edilir ki, dünən gecə saatlarında Ə.Şirinov tanışına sürpriz etmək və ya başqa məqsədlə binanın pilləkəninin pəncərəsindən mənzilin eyvanına keçmək istəyib və bu zaman yıxılaraq ölüb.
Yuxarıda qeyd edilən ehtimal və digər suallar istiqamətində araşdırmalar davam etdirilir. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
Xatırladaq ki, dünən Bakıda intihar hadisəsi baş verməsi ilə bağlı məlumat gedib. Hadisə dünən gecə saatlarında Heydər Əliyev prospekti 99 ünvanındakı binadan orta yaşlı kişi özünü atıb. O, hadisə yerindəcə keçinib.İlkin araşdırmalardan sonra intihar edən şəxsin 1982-ci il təvəllüdlü Şirinov Ənvər Kamal oğlu olması müəyyən edilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.