Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində "Azərbaycan-Tolerantlıq məkanı" mövzusunda elmi-praktik konfrans keçirilib.
İcra Hakimiyyətindən unikal.org-a daxil olan xəbərə görə, konfransda Lənkəran ŞiH başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, yerli İcra strukturlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, müxtəlif millətləri təmsil edən ictimaiyyət nümayəndələri, din xadimləri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər. Taleh Qaraşov millətlərarası münasibətlərin tənzimlənməsində, xalqlar arasında dostluğun və birgəyaşayışın əldə olunmasında multikulturalist dəyərlərin və tolerantlığın misilsiz əhəmiyyətini qeyd edib və Azərbaycanda bu sahədə əldə olunmuş nailiyyətlərdən ətraflı danışıb. Natiq müasir dünyanın sürətlə qloballaşdığı, qloballaşdıqca da milli-dini zəmində toqquşmalar, terror hadisələri, məzhəb savaşları, məhəlli müharibələr, dövlətlərarası etimadsızlıq, ictimai-siyasi vəziyyətin kəskinləşməsi halları ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycanda milli həmrəyliyin, xalqlar dostluğunun, möhkəm siyasi sabitliyin, rəvan inkişafın təmin olunmasının qürurverici olduğunu, beynəlxalq aləmdə ölkəmizə nüfuz qazandırdığını bildirib.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, Lənkəran Rus icması ictimai birliyinin sədri Lidiya Koryagina, Lənkəran Dövlət Universitetinin Tarix-fəlsəfə kafedrasının baş müəllimi Kamal Mahmudov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov məruzə və çıxışlarda multikuturalizm ənənələrinin, tolerantlığın və dözümlülüyün xalqın yaşam tərzindən, tarixi keçmişindən, adət-ənənəsindən qaynaqlandığından Azərbaycanın dünyada tolerantlıq məkan kimi tanındığını qeyd ediblər.