Azərbaycan Kubokunun 2016/2017 mövsümünün püşkatmasından sonra PFL prezidenti Ramin Musayev mətbuat konfransı keçirib.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, konfransda Musayev jurnalistlərin suallarını cavablandırıb.

- Kubokun finalı hansı stadionda keçiriləcək?

- Fikrimiz var ki, bölgədə keçirək. Çox istərdim ki, matç Lənkəranda baş tutsun. Amma Lənkəran klubu öz fəaliyyətini dayandırdığına görə, istər-istəməz həmin azarkeşlər pis ola bilər. "Neftçi" finala çıxsa, Lənkərana apara bilmərəm. Çünki qalmaqal ola bilər. Amma "Neftçi" finala yüksəlməsə, matçın Lənkəranda baş tutmasını istərəm. Ot örtüyü ürəkaçan olsa, böyük məmnuniyyətlə, finalı Lənkəranda keçirmək istərəm. Lənkəran azarkeşlərinə böyük hörmətim var. "Neftçi" finala çıxsa, istərdim ki, final Gəncədə keçirilsin. Oyun Qəbələdə və ya İmişlidə də keçirilə bilər. Amma İmişli stadionunda yer azdı.

- I divizionun "Bakılı" - "Zaqatala" matçında baş verən hadisələrə görə ev sahibləri cəzalandırılacaqmı?

- Bu gün işə gələn kimi həmin videoyazıya baxmışam. "Bakılı" komandasının vurduğu 1-ci qol azarkeşlər tərəfindən yaxşı qarşılanmayıb. Deyirlər ki, top çıxmışdı, xətti keçmişdi. Amma yan xətt hakimi və baş hakim də təsdiqləyir ki, çıxmayıb və "Bakılı" qol vurur. Onda da həmin azarkeş söyüş söyür. Deməli, o, futbol xəstəsidi. Qaldı ki hakimə, onlara deyilir ki, 90 dəqiqə ərzində sən karsan, heç nə eşitmirsən. Amma demişəm ki, 90 dəqiqədən sonra kimsə xətrinə dəyirsə, vur, aşır. Mən bu sözün arxasındayam. Hər insanın öz qüruru var. Amma hakimlikdə səhv olub, cəzalandırılacaq. Sabah "Bakılı" klubunun rəhbərini bura dəvət edəcəyik. Söhbətimiz olacaq. Bir daha təkrar olunsa, başqa əməllər etməyə məcbur olacağıq. Heç kimdən çəkinmirik.

- "Mil Muğan"ın ölkə kubokunda iştirak etməməyinin səbəbi nədi?

- Mən klubda olanda baş məşqçidən xahişim olub ki, bizə qələbə yox, oyunçu və yaxşı oyun lazımdı. I divizionda artıq 5 tur keçib. Biz Qurban Qurbanovla bir yerdə çalışanda 6 oyunda qələbəyə həsrət qaldıq. Amma sonra çempionluğa oynadıq və bizi birincilikdən saxlayan keçmiş AFFA rəhbərliyi oldu. Tarix unudulmur. Bütün faktlar bu günə qədər məndə durur. Tələsmək lazım deyil. "Mil Muğan" çempionatın startından 10 gün qabaq yaranıb. İndidən yalandan kubokda niyə çıxış edək? Düşək "Qəbələ" ilə, onlar da 15 qol vuracaq. Yəni, yalandan çıxış etməyin nə mənası var? "Jiquli"ni BMW-nin qarşısına niyə çıxarım, uşaqları niyə sındırım?

- Azərbaycanın ən köklü klublarından olan "Kəpəz"in bazası acınacaqlı durumdadı. Bu klubun rəhbərliyi ilə danışığınız olubmu?

- Vallah, mən "Kəpəz"in rəhbərliyini tam bilmirəm. Komandanın öz baş məşqçisi var. Mən axırıncı dəfə o klubun bazasında nə vaxt olmuşam... olmaq fikrim də yoxdu.