"Yığmada yaxşı ab-hava var. Azərbaycan və San-Marino ilə oyunlardan həzz almalıyıq".
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Norveç millisinin futbolçusu Pol Andre Helland deyib.
DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda mübarizə aparan skandinaviyalılar növbəti görüşlərini məhz millimizə qarşı keçirəcəklər. Oktyabrın 8-də yığmamızın qonağı olacaq Norveç 3 gün sonra San-Marino ilə üz-üzə gələcək.
Bu görüşlərlə bağlı danışan Helland diqqətlərini daha çox Azərbaycanla oyuna yönəltdiklərini bildirib. 26 yaşlı hücumameyilli yarımmüdafiəçi Bakıdakı qarşılaşmanın onlar üçün vacib olduğunu qeyd edib: "Çalışacağam ki, əlimə düşən şanslardan düzgün istifadə edim. Təkcə komanda yoldaşlarımın mənə qol vurmaq şansı yaratmağını gözləməməliyəm, özüm də nəsə etməliyəm. İşlək sol ayağım var. Bundan əlavə, təkbətək mübarizələrdə təhlükəliyəm. Bunu qarşıdakı 2 oyunda sübut etməliyəm. Özümüzə əminik və bu, çox vacibdir".
Helland Azərbaycan - Norveç oyununun keçiriləcəyi Bakı Olimpiya Stadionu haqda da danışıb: "Çox yaxşı arenadır. Ancaq bunun nəticəyə təsiri olmamalıdır. Almaniya ilə müqayisədə, təbii ki, Azərbaycan və San-Marino ilə qarşılaşmaq daha asandır. Amma Azərbaycan millisi daha "asan yem" deyil. İtaliya millisi oradakı görüşdə çətinliklə üzləşmişdi. Xorvatiya Bakıdan qələbə ilə qayıda bilməmişdi. Ötən seçmə mərhələdə biz də Azərbaycanla üz-üzə gəlmişik. Orada 1:0 hesabı ilə qalib gəlsək də, oyunumuz pis alınmışdı. Öz meydanımızdakı matç isə qolsuz bərabərliklə nəticələnmişdi".
Qeyd edək ki, seçmə mərhələnin ilk oyununda Norveç Almaniyaya 0:3 hesabı ilə uduzmuşdu. Azərbaycan millisi isə səfərdə San-Marinodan güclü olmuşdu - 1:0.