Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəblərdə şagirdlərdən şəxsiyyət vəsiqələrinin tələb olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Unikal.org xəbər verir ki, İdarənin sektor müdiri Arzu Tairquliyeva Trend-ə bildirib ki, orta məktəblərdə yalnız 9 və 11-ci sinif şagirdlərinin şəxsiyyət vəsiqəsinin olması tələb olunur.
Bunun səbəbini izah edən A.Tairquliyeva əlavə edib ki, şəxsiyyət vəsiqəsində qeyd olunan məlumatlar "Şagird-Məzun" sisteminə daxil edilmədikdə şagird "Buraxılış imtahanına" buraxılmayacaq.
A.Tairquliyevanın sözlərinə görə, şəxsiyyət vəsiqəsinin alınmasında xüsusi yanaşma tələb edilən problem olduqda məktəblər BŞTİ-nə müraciət edirlər.
Onun sözlərinə görə, digər sinif şagirdlərindən şəxsiyyət vəsiqəsi tələb olunmur: "Lakin həmin sənədlərin alınması məsləhət görülür. Bu səbəbdən övladları üçün şəxsiyyət vəsiqəsi almaq istəyən vətəndaşlara kömək məqsədi ilə ASAN xidmət ilə birlikdə Bakı şəhərinin rayonları üzrə yeni layihəyə başlanılıb. Hazırda səyyar avtobuslarla 252 saylı məktəbdə Sabunçu rayonunda yerləşən məktəblərin şagirdlərinə şəxsiyyət vəsiqəsinin verilməsi üçün xidmətə başlanılıb. Digər rayonlar üzrə də proses davam etdiriləcək".