Azərbaycan millisi tarixində ilk dəfə ardıcıl iki seçmə oyununda qələbə qazanıb.
Bu gün futbol üzrə Azərbaycan millisi 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin II turu çərçivəsində Bakıda Norveç yığmasını qəbul edib.
Unikal.org-un məlumatına görə, qarşılaşma millinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.Qolun müəllifi müdafiəçi Maksim Medvedev olub. O, 11-ci dəqiqədə qonaqların qapısına yol tapıb.Bununla da milli komanda aktivinə daha 3 xal yazdıraraq "C" qrupunun liderlər mövqeyindəki yerini möhkəmləndirib.
Üstəlik bu qalibiyyət Azərbaycan millisi üçün tarixi qələbədir. Yığmamız 1994-cü ildən çıxış etdiyi seçmə mərhələlərdə ilk dəfə ardıcıl iki oyunda qalib gəlib. Milli buna DÇ-2018-in seçmə mərhələsinin startında San Marinoya səfərdə (1:0) və Norveçə evdə qələbə qazanmaqla nail olub. Azərbaycan yığması bunadək yalnız bir seçmə mərhələdə - AVRO-2012-də qrupda iki qələbə qazanmışdı. Ancaq bunlar ardıcıl qələbə olmayıb. Həmin qələbələr Türkiyə yığması ilə ev (1:0) və Lixtenşteynlə səfər (2:0) matçlarına təsadüf edib. Həmin vaxt milli komandanı almaniyalı baş məşqçi Berti Foqts çalışdırıb.
İndi isə yığma komanda xorvatiyalı baş məşqçi Robert Prosineçkinin rəhbərliyi altında ilk dəfə qrupda 6 xalla liderliyə yüksəlib.
Qeyd edək ki, milli komanda növbəti oyununu oktyabrın 11-də səfərdə Çexiyaya qarşı keçirəcək. Həmin görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.