Milli komandamızın kapitanı Rəşad Sadıqov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- İki oyun, iki qələbə. Oyunla bağlı nə deyərdin?
- Oyun gözlədiyimiz kimi getmədi. Erkən qol vurduq. Bu qədər müdafiəyə "oturmaq" fikrimiz yox idi. İlk 15 dəqiqəni ehtiyatlı oynayıb, sonra hücum planlarımız var idi. Lakin vurduğumuz qol bizim planlarımızı pozdu. Bu da bizi daha da ehtiyatlı oynamağa, rəqibi isə daha çox hücum etməyə məcbur etdi. Bunun da nəticəsində də, biz oyunu müdafiədən qurduq. Əsas odur ki, komandamız sona qədər vuruşdu və qələbə qazandıq. Albaniya, İslandiya kimi ölkələr hamımıza nümunədi ki, vuruşa-vuruşa, boğuşa-boğuşa, getdilər Avropa çempionatının final mərhələsinə.
- Hətta oyunun sonlarına yaxın ikinci qolu da vura bilərdik...
- İmkanlarımız var idi. Əsas üç xaldı ki, onu da qazandıq.
- Qarşıda Çexiya ilə çətin oyun gəlir. Fiziki vəziyyətdən narahatsız?
- Ən çətin o olacaq ki, üçüncü gün oynayacağıq. Bu cür hallar əvvəllər də bizim üçün problem olmuşdu. Malta və Bolqarıstanla oyunlarda bunun çətinliyini yaşamışdıq. Yəqin məşqçilərimiz də bunu düşünürlər və müəyyən addımlar atacaqlar. Biz də əlimizdən gələni edəcəyik ki, növbəti matça da hazır olaq.
- İlk hissədə, deyəsən, zədə aldız, baş məşqçi sizi dəyişmək istədi...
- Əvvəlki zədəm olan yerdə ağrılar hiss etdim, ancaq önəmli bir şey deyildi. Dəyişilmək istəmədim, oyunu başa vurduq. Bu dəqiqə heç nədən şikayət etmək istəmirəm.
- Ramil Şeydayevin oyununu necə dəyərləndirirsən?
- Şeydayev çox fəal girdi oyuna. Qol epizodu da yaratdı. Çox sevindirici haldı. Bu gün öz ustalığını göstərdi.
- Sanki təcrübəsi çatmadı epizodda...
- Hələ 19-20 yaşı var, düşünürəm ki, gələcəkdə hər şey yaxşı olacaq.
- Stadionda ot örtüyü hansı durumda idi?
- Qazon, həqiqətən də, oynamağa çətinlik yaradırdı. Yeni otdu. Bilirdik ki, belə olacaq. Problem hər iki komanda üçündü. Şükür ki, o, bizim qol vurmağımıza mane olmadı.