Bu gün Milli Məclisinin deputatı, Ailə, Qadın və Uşaq məsələləri Komitəsinin sədri, xanım Aqiyə Naxçıvanlının təşəbbüsü ilə Oğuz Rayon Mədəniyyət Mərkəzində Oğuz rayonunda məskunlaşmış Xocalı ailələri ilə görüş keçirilib.
Cıxışı giriş sözü ilə açan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Oğuz rayon şöbəsi üzrə nümayəndəsi Yaqub Abbasov ötən 5 ildə olduğu kimi bu il də Oğuz rayonunun deputatı Aqiyə Naxçıvanlının Xocalı sakinlərini diqqət mərkəzində saxladığını, onlara sosial problemlərinin həllində yaxından köməklik göstərdiyini qeyd edib.
Daha sonra çıxış edən natiqlər tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqının növbəti belə faciə ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda üzləşdiyini və xalqımızın yaddaşına əbədi həkk olunduğunu bildiriblər.
Lakin bu dəhşətli hadisəyə siyasi-hüquqi qiyməti verilməsi Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olub.
O Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər gördü və erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verdi.
Mərhum prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanla azərbaycanlılara qarşı müxtəlif illərdə mütəmadi olaraq törədilmiş soyqırım cinayətlərinə, o cümlədən Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verildi.
Fərmanda haqlı olaraq dünya ictimaiyyətinə çatdırılır ki, 19-20-ci əsrlərdə Azərbaycanın başına gətirilən bütün faciələr torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülüb, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib.
Ümummilli liderimizin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 25 fevral 1997-ci ildə imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Bu siyasət hal-hazırda da Azərbaycan dövləti tərəfindən davam etdirilir.
Burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqırımı cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Oğuz rayonunun Xalxal və Bucaq kəndlərində məskunlaşmış Xocalı sakinləri Abdullayeva Südabə və Vidadi Həsənov söz alaraq qaçqın və məcburi köçkün ailələrinin sosial vəziyyətlərini günü gündən yaxşılaşdırdığı üçün dövlətimizin başçısı, hörmətli Prezidentimiz cənab İlham Əliyevə, hər il bu qayğı və diqqəti göstərdiyi üçün xanım Aqiyə Naxçıvanlıya Oğuzda məskunlaşmış bütün Xocalı ailələri adından təşəkkürünü bildirmiş və minnətdarlıqlarını çatdırmağı xahiş ediblər.
Tədbirin sonunda Deputat Aqiyə Naxçıvanlının tapşırığına əsasən köməkçisi tərəfindən Oğuz rayonunda məskunlaşmış hər bir Xocalı ailəsinə ərzaq yardımları təqdim edilib.