Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 6088 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılıb.
Unikal.org-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu rəqəm ötən ilin müvafiq dövrünə nisbətən 33,3% artıb.Yeni müəssisə və təşkilatların 63,3%-i Bakıda, 11,2%-i Aran, 7,6%-i Abşeron, 4,8%-i Lənkəran, 4,6%-i Gəncə-Qazax, 3,3%-i Quba-Xaçmaz iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Bundan əlavə, bu ilin ilk 9 ayında fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 83 094 fiziki şəxs qeydiyyatdan keçib. Onların sayı ötən ilin eyni dövrünə nisbətən 56,8% artıb.
Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Abşeron və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.