"Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında çox maraqlı məqamlar var".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, ən diqqətçəkən məsələ Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan büdcəyə transfertin məbləğinin 2025-ci illə müqayisədə 11,95% və ya 1 milyard 731 milyon manat azalmasıdır. 

"Belə ki, bu il büdcəyə 14 milyard 481 milyon manat proqnozlaşdırılsa da, gələn il 12 milyard 750 milyon manat nəzərdə tutulur. Əgər azalma dinamikası belə (bərabərsürətli) davam edərsə, 2033-cü ilin ortalarında transfert sıfıra çatacaq. Təbii ki, bunun ehtimalı yüksək deyil. Bəlkə gələn il neft qiymətləri elə qalxacaq ki, 2027-ci ildə daha çox transfert edərək müxtəlif dövlət investisiya layihələri icra olunacaq. Budəfəki transfert həcminin azaldılmasının əsas səbəbi neftin ehtimal edilən qiymət enişidir. Neft qiymətinin artması həcmi yenidən qaldıra bilər və bu ehtimal yüksəkdir".