Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət bölüyünün keçirdiyi reyddə qəribə hadisə baş verib. "Ekologiya postu"nun yaxınlığında keçirilən reyd zamanı Bakı-Sumqayıt yolunda yüksək sürətlə hərəkət edən nəqliyyat vasitəsi diqqəti cəlb edib. Həmin nəqliyyat vasitəsinin sürücüsü tez-tez manevr edib və arxadan gələn avtomobillər üçün qəza şəraiti yaradıb.
Unikal.org avtosfer.az-a istinadən bildirir ki, bunu görən ekoloji bölüyün tağım komandiri, polis kapitanı Hacı Abdullayev nəqliyyat vasitəsinin saxlanılması ilə bağlı sürücüyə "Saxla" işarəsi verib. Sürücü ekoloji bölüyün stasionar postunda avtomobili saxlayıb. Maşından düşdükdə DYP əməkdaşları sürücünün hərəkətlərindən şübhələndiyi üçün onu posta dəvət ediblər. Ayaq üstə güclə dayanan və "VAZ" markalı, 90 LZ 559 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında əyləşən Cavid Mehrac oğlu Şəfiyev müayinə edilmək üçün yaxınlıqdakı xəstəxanaya aparılıb. Narkoloqun rəyindən sonra aydınlaşıb ki, Cavid Şəfiyev narkotik maddə - marixuana qəbul edib. Sürücü özü də bunu səmimi etiraf edib. Onun barəsində həkim narkoloq 5733 nömrəli akt tərtib edib. Bundan sonra avtomobil sürücünün əlindən alınaraq cərimə meydançasına qoyulub. Beləcə, başqalarının həyatı üçün çox böyük təhlükə törədən və narkotik maddənin təsiri altında olan sürücü zərərsizləşdirilib.
Ekoloji bölüyün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov reyd zamanı belə faktlarla da qarşılaşdıqlarını bildirib. O deyib ki, ümumiyyətlə, bölüyün əməkdaşları nəinki yol-hərəkəti qaydasını pozanlara, müxtəlif cinayətlər törədib aradan çıxmaq istəyən ayrı-ayrı kriminal tərkibli adamları da bir çox halda zərərsizləşdirib: "Bütün bunlar onu göstərir ki, əməkdaşlarımız sutkanın 24 saatı ərzində tapşırılan işi məsuliyyətlə yerinə yetirir və rəhbərliyin qarşıya qoyduğu vəzifələri icra etməklə öz vəzifə borclarını lazımi səviyyədə yerinə yetirirlər".