ABŞ-da prezident seçkisinə hələ bir həftə var, amma Demokratlar Partiyasının namizədi Hillari Klinton artıq qələbəsini qeyd etməyə hazırlıq görür.
Unikal.org "New York Post"-a istinadla xəbər verir ki, artıq Klintonun seçki qərargahı pirotexniklərə atəşfəşanlıq sifariş verib. Atəşfəşanlığı Hudzon çayı üzərində təşkil etmək planlaşdırılır.
Artıq Klintonun seçki qərərgahının yerləşdiyi Nyu-York merliyindən bununla bağlı icazə də alınıb.
`New York Post` eyni zamanda bildirir ki, şəhərin yanğınsöndürmə və polis xidmətləri Hilları Klintonun bu cür özünə əminliyindən narazıdırlar. "İndidən qələbəni qeyd etməyə hazırlaşmaq çox tezdir,- deyə şəhərin polis şöbəsindən qəzetə bildiriblər.
Şəhərin yanğınsöndürmə departamentindən isə deyiblər ki, əgər Donald Tramp qalib gəlsə, Klinton aldığı atəşfəşanlıq ləvazimatlarını yarı qiymətə ona sata bilər. Çünki Trampın da qərargahı Nyu-Yorkda yerləşir.
Maraqlı olan isə başqa məqamdır: axı son rəy sorğuları göstərir ki, kimin qalib gələcəyini indidən demək mümkün deyil. Hətta Trampın qabağa keçdiyini göstərən nəticələr də var. Əgər ABŞ seçkinin nəticlərinin əvvəlcədən bilinmədiyi demokratik ölkədirsə, Klintonun qələbəyə bu əminliyi haradandır?