Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmişMilli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Unikal.org report-a istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov ötən məhkəmə iclasında vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulovdan imtina etməsi barədəərizəsini geri götürdüyünü bildirib.
O, bu barədə məhkəməyə müraciət edib. A.Çovdarov onun müdafiəsinə yeni qoşulan Şahin Rəfiyevin də müdafiəçi kimi məhkəmədə iştirak etməsini istəyib.
Məhkəmədə Çovdarovun işə yeni qoşulan vəkili Şahin Rəfiyev cinayət işi ilə tanış olmaq üçün vaxt istəsə də, hakim bunu təmin etməyib.
Prosesdə Akif Çovdarovun vəkilləri cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət veriblər. Eləcə də, Akif Çovdarov barəsində həbs qərarının ləğv edilməsini, barəsində ev dustaqlığının seçilməsini istəyiblər.
Bu vəsatətlərin heç biri təmin edilməyib.
Kamandar Nəsibov vəsatət verərək Akif Çovdarovun barəsində məhkəmə tibbi ekspertizası keçirilməsini, bu ekspertizanın xaricdən gələn mütəxəssislər tərəfindən keçirilməsini istəyib.
Məhkəmə bunu qismən təmin edib. Belə ki, Çovdarov barəsində tibbi ekspertiza təyin olunub, lakin ekspertiza yerli mütəxxəsislər tərəfindən aparılacaq.
Prosesdə qısa çıxış edən Akif Çovdarov bildirib ki, onunla birlikdə təqsirləndirilən şəxslərin heç bir günahı yoxdur: "Uşaqları buraxın, nə deyirsiniz edəcəm, sənədləri də qol çəkəcəm. Onların heç bir günahı yoxdur. Mənə də hökm oxuyun".
Bundan sonra məhkəmə istintaqı açıq elan edilib. Hazırda prokuror ittiham aktının nəticəvi hissəsini elan edir.