Azərbaycan 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini verə bilər.
Unikal.org trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası"nın layihəsində deyilir.
Qeyd olunur ki, növbəti illərdə də ölkədə idman siyasəti şəxsiyyətin hərtərəfli inkişafı, onun sağlamlığının möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkili sahəsində bədən tərbiyəsinin və idmanın rolunun artırılmasına və ölkə idmançılarının dünya miqyasında yeni nailiyyətlər əldə etməsi üçün müvafiq şəraitin yaradılmasına istiqamətlənəcək.
Layihədə bildirilir ki, növbəti illərdə ölkədə inkişaf etdirilən prioritet idman növlərinin müəyyənləşdirilməsi, onların regionlar üzrə dislokasiyasının təsdiqi, 2020-ci ilə kimi başqa idman növləri ilə əvəzlənməsinə yol verilməməsi, regionlarda əhalinin say nisbətinə uyğun olaraq bədən tərbiyəsi və idman obyektlərinin, o cümlədən yaşayış yerlərində idman şəhərciklərinin inşasının planlaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək.
Bundan başqa, idman sənayesinin yaradılması, idman yönümlü qurumların sayının artırılması, bələdiyyələrin, yerli və regional qeyri-hökumət orqanlarının bu sahə üzrə fəaliyyətlərinin canlandırılması, bədən tərbiyəsi və idmanın inkişafına investisiya qoyuluşuna özəl təşkilatların daha çox cəlb edilməsi, sponsorluq fəaliyyətinin genişləndirilməsi və stimullaşdırılması, 2024-cü il Yay Olimpiya Oyunlarına iddiaçı və sahib olmaq da nəzərdə tutulan tədbirlər sırasındadır.