Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş aksiya çərçivəsində ölkə üçün prioritet sahələrdən biri olan ana, qadın və uşaq sağlamlığının yaxşılaşdırılması məqsədilə Sumqayıt Tibb Mərkəzi tərəfindən hərəkət məhdudiyyəti olan qız uşaqlarının evdə tibbi müayinələrinin aparılmasına başlanılıb.

"Unikal" xəbər verir ki, proqram çərçivəsində uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilir, xroniki xəstəliklər erkən aşkarlanır, müalicə-profilaktik tövsiyələr verilir və tibbi-sosial reabilitasiyaları planlaşdırılır. Bundan əlavə, yeniyetmə qızların reproduktiv sağlamlığı da daxil olmaqla, yaşa uyğun digər sağlamlıq aspektləri üzrə qiymətləndirmələr həyata keçirilir.

Dispanserizasiya müayinələri sahə həkiminin iştirakı olmaqla, pediatr, oftalmoloq, otorinolarinqoloq, nevroloq, ginekoloq, stomatoloq və digər dar ixtisaslı həkimlər tərəfindən aparılır.